AZ EN RU

Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edildi

    Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də bu ənənə davam etdirilib. Bu məqsədlə aprelin 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
    Tədbirdə təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər Heydər Əliyev daim gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini bildirmişdir. Qeyd olunub ki, yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də Ümummilli Liderin bu dəyərli fikirlərini əsas tutaraq, həmçinin mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir. Təkcə ötən il “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərə 20 mindən artıq şagirdin  cəlbinə nail olunmuşdur. 
  Diqqətə çatdırılıb ki, təhsil müəssisələrində şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Ay ərzində digər tədbirlərlə yanaşı, şəhər, rayon təhsil şöbələri tərəfindən “Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” mövzusunda tədbirlərin  keçirilməsi nəzərdə tutulub.
     Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodik kabinet müdiri Gülxarə Tarverdiyeva  “Şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında məktəbin qarşısında duran vəzifələr”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin  kitabxana müdiri Fərhadə Hüseynova “Şagirdlər arasında mütaliəyə marağın yaradılmasında məktəb kitabxanasının rolu”, Heydər Əliyev adına tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Nurlana Quliyeva “Kitab və mütaliənin mənəvi inkişafımızda rolu” mövzularında  çıxış edib, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.04.2023 15:53