AZ EN RU

Antiterror tədbirlərinin qısa müddətdə müsbət nəticəsini verməsi Azərbaycanın növbəti tarixi qələbəsidir

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin böyük uğurudur. Qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması Azərbaycanın növbəti tarixi qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın növbəti tarixi Zəfəri oldu.

Azərbaycan hələ Vətən müharibəsindən sonra bəyan etmişdi ki, öz ərazisində hər hansı silahlı birləşmə və ya qondarma rejim qalmamalıdır. Bu məsələ Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatda da əksini tapmışdı. Lakin sözü ilə əməli heç zaman üst-üstə düşməyən Ermənistan yenə də öz mənfur niyyətini ortaya qoydu. Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif platformalarda Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, bunu kağız üzərində etməkdən yayınırdı. Bu barədə Prezident İlham Əliyev çıxışlarında da bildirib: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. … Əgər (Paşinyan - red. )keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”.

Azərbaycan özünün sülh səylərini sonadək davam etdirdi. Hətta Ermənistanın “blokada” və “Laçın dəhlizi” ilə bağlı şou yaratdığı zaman ölkəmiz Qarabağ ermənilərə öz humanitar dəstəyini əsirgəmədi. Lakin Ermənistandakı revanşist qüvvələr, separatçılar və İrəvanı dəstəkləyən havadarları yaranmış vəziyyətin sülh yolu ilə başa çatmasına imkan vermədilər. Nəticədə Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qaldı.

Separatçı hərbi xunta rejiminin cəmi bir gün ərzində ağ bayraq qaldırması, təslim olması həm də Silahlı Qüvvələrimizin qüdrətinin, peşəkarlığının, yüksək döyüş ruhunun əyani göstəricisidir. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən dərhal sonra ordu quruculuğunda islahatlar aparmaqla, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərlə, yeni hərbi birliklər yaratmaqla, Ordumuzun müasir silah-sursatla təchiz olunması ilə necə müdrik qərarlar qəbul edib. Dövlətimizin başçısı əmin idi ki, beynəlxalq hüquq işləməyəndə məsələlərin yeganə həlli güc yolu olur. Azərbaycan Prezidenti bununla bağlı demişdi: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.

Beləliklə, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar olur.

Nəşr edilib : 20.09.2023 15:16