AZ EN RU

Antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan oğulların ailələri ziyarət edilib

“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümü münasibətilə “Qisasın alındı, Xocalı” adlı tədbirlər çərçivəsində ötən ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olan igid Vətən oğullarının məzarları və ailələri ziyarət edilir. Bu gün ictimai birliyin Naxçıvan şəhərindən olan üzvləri antiterror əməliyyatı zamanı şəhadətə yüksələn Kapitan Balabəyli Elcan,  baş leytenant Qasımov İbrahim, gizir  Vaqif Rəcəbovun, polis serjantı Ələsgər  Əsgərovun, müddətdən artıq həqiqi xidmət qulluqçusu Mais Məhərrəmovun məzarlarını və ailələrini ziyarət ediblər.  Ziyarətlər zamanı qazilər şəhidlərimizin  xatirəsinə həsr olunmuş guşələrlə tanış ediliblər.  Onların valideynlərinə səbr dilənib, ruhlarına dualar oxunub.

  Bildirilib ki, bu Vətən var olduqca onun uğrunda canından keçən igid oğullar da yaşayacaq. “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov qeyd edib ki, Vətən müharibəsindən ötən dövrdə Zəfər yürüşünün gözlənilən davamı 2023-cü ilin sentyabr ayında gəldi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Bu baxımdan son üç il bir çox tarixi hadisələrlə zəngin dövrdür. Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. Ötən ilin sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Birliyin sədri onu da qeyd edib ki,Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik qapandı.

Birliyin Naxçıvan şəhər şöbəsinin sədri, Vətən müharibəsi qazisi Təbriz Zeynalov şəhidlərin ailələrinə daim onların yanında olduqlarını bildirib. Qeyd edib ki, hər bir hərbçi düşmən üzərinə atılanda qələbə əzmi ilə döyüşürdü. İllərlə düşmən tapdağında qalan ata-baba ocağımızı azad etməkdən ötrü canımızı, sağlamlığımızı qurban verirdik. Ali Baş Komandanımızın siyasət, informasiya sahəsindəki qalibiyyəti bizi ruhlandırırdı. Xalqımızdan güc alır qələbə qazanırdıq. Antiterror əməliyyatı illərdir, həllini gözləyən problemi kökündən həll etdi və cənab Prezidentin də dediyi kimi, Zəfər seçkisində Xankəndidə seçki qutusuna atılan bülleten düşmən tabutuna vurulan son mismar oldu. 

Sonda şəhid ailələri oğullarının silahdaşlarına onların yanında olduqları üçün təşəkkür ediblər. 

 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 24.02.2024 19:25