AZ EN RU

Antibiotiklərdən reseptsiz istifadə ciddi fəsadlara yol açır

Çalışaq ki, antibiotiklər mikroblar qarşısında deyil, mikroblar həmişə 
antibiotiklər qarşısında aciz qalsın

    Yaxın günlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” adlı konfransından sonra antibiotiklərin insan sağlamlığında yaratdığı fəsadlarla bağlı həkimlərimiz ilə həmsöhbət olduq. 
    Əziz Əliyev adına Uşaq Xəstəxanasının həkim pediatrı Nuriyyə Həsənova bildirdi ki, bizə müraciət edən şəxslərin çoxu uşaqlarda infeksiya və ya yoluxucu xəstəliklərlə bağlı olur. Müayinə zamanı çalışırıq ki, xəstələrimizi müəyyən qədər antibiotik istifadəsindən uzaq tutaq. Bəs günümüzün aktual mövzusu olan antibiotik nədir? Antibiotik orqanizmə daxil olan mikrobları öldürən və ya onların çoxalmasının qarşısını alan kimyəvi maddələrdir. Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. Sonrakı illər müşahidə olunan “antibiotikə müqavimət” problemi səbəbindən antibiotiklərin say və növlərinin artması həm də özü ilə sözügedən preparatlardan lüzumsuz yerə və təhlükəli istifadəni gətirmişdir. Hər növbəti il siyahıya yeni antibiotik əlavə olunsa da, “ağıllı antibiotik istifadəsi” qaydalarına əməl olunmasa, hər dəfə daha yeni bir antibiotikə ehtiyac olacaqdır. Belə ki, günümüzdə reseptlərdə ən çox istifadə olunan dərmanlar siyahısına baxıldıqda ağrıkəsicilərdən sonra ikinci yerdə antibiotiklər dayanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bu gün dərmanların 50 faizdən çoxu lüzumsuz yazılıb satılmaqdadır. Xüsusilə də antibiotiklərin 30-65 faizi yanlış məqamlarda və lazımsız dozalarda yazılıb, istifadə olunur. Reseptlərə 73 antibiotikdən yalnız 1-2-si düzgün təyin edilir. Araşdırmalara əsasən yazılan antibiotiklərin 50 faizdən çoxu tənəffüs yolu infeksiyalarında istifadə olunur. Həkimin sözlərinə görə uşaqlarda düzgün dərman seçiminə xüsusi diqqət etmək lazımdır. Bədəndə olan xəstəliklərdən sorulma, yayılma, metabolizma, bədəndən xaric olması uşaqlarda böyüklərdən bir qədər fərqlənir. Xəstəyə antibiotik təyin etmək lazımdırsa, xəstənin yaşına, böyrək və qaraciyərlərin funksiyalarına, genetik və metabolik xəstəliklər keçirib-keçirməməsinə, infeksiyanın yoluxma mühitinə, immun sistemin vəziyyətinə, xroniki xəstəliklərlə üzləşib-üzləşməməsinə, istifadə etdiyi dərmanlara, əvvəllər hər hansı bir antibiotikə qarşı həssaslığın olub-olmamasına mütləq fikir verilməlidir. Nuriyə həkim uşaqlarda antibiotiklərin hansı ağırlaşmalara səbəb olacağından da söz açdı. Bildirdi ki, allergik reaksiyalar – dəridə səpkilər, qızartı, qaşınma, öskürək, nəfəs almada çətinlik ən çox bilinən və qorxulu əks reaksiyalardır. Antibiotik istifadəsi ilə meydana çıxan allergik reaksiyaların ağırlıq dərəcəsi adi səpkilərdən anafilaktik şoka qədər dəyişə bilər. Əksərən penisillin istifadəsi ilə meydana çıxan bu reaksiyalar zamanı dərman istifadəsi dayandırılmalıdır. Bunun həzm sisteminə əlavə təsirləri də mövcudur. Bunlar ağız yaraları, dodaqlarda çat, diş rənginin dəyişməsi, ürək bulanma, qusma, qarın ağrısı, bağırsaq mikroflorasını dəyişməklə, həm də metabolik dəyişikliklərə gətirib çıxarmaqla ishala səbəb olurlar. Son illər aparılan araşdırmaların nəticələrinə görə antibiotiklərin insanın normal bağırsaq mikro­florasını dəyişdirib, faydalı mikrobları öldürdüyü və ən əhəmiyyətli qorunmamız olan mukozal immunitetimizi zəiflətdiyi aşkar olunub. Xüsusilə də influenzaya bənzər qripal infeksiyalara qarşı immun sistem aşağı düşür və normalda 3-5 günə keçən infeksiyaların uzanmasına və ağır keçməsinə səbəb olur. Buna görə də tez-tez antibiotik istifadə edən uşaqlar mukozal infeksiya dediyimiz sinusit, otit, pnevmoniya, farinqit və ishala daha tez-tez tutulurlar. Bir sözlə, bağırsaqlarda probiotik dediyimiz çoxlu sayda faydalı bakteriya vardır, bu probiotiklər həzmə kömək edir, K, B vitaminlərini sintez edir, immun sistemini dəstəkləyərək, xərçəngə qarşı və zərərli mikrobların çoxalmasını əngəlləyərək xəstəliklərdən qoruyur. Lazımsız şəkildə bir antibiotik qəbul etdikdə belə bu probiotiklər 20 faiz hallarda məhv olur. Bu probiotikləri təkrar bağırsaqlara geri qazandırmaq, ən düzgün qidalanmada belə, təəssüf ki, 2 il ərzində mümkün ola bilir. Körpə ikən antibiotik istifadəsi həyatın sonrakı vaxtlarında probiotik itkisinə səbəb olduğu üçün uşaq orqanizmi infeksiyalara qarşı həssas hala gəlir.
    Nuriyyə Həsənova valideynlərə müraciət edərək bildirdi ki, övladında yuxarı tənəffüs yolu xəstəliyi, öskürək, burun axıntısı, soyuqdəymə halları kimi virus mənşəli xəstəliklər varsa, valideynlər həkim məsləhəti olmadan antibiotik alıb içirməyi düşünməməlidirlər. Çünki bu hallarda antibiotikin orqanizmə zərərdən başqa təsiri olmayacaq. Həkim qeyd edir ki, antibiotiklərə temperatursalıcı, ağrıkəsici, öskürək əleyhinə preparat gözüylə baxmaq düz deyil. Həkim antibiotik təyin etsin deyə təkid etmək olmaz. Bəzi bakterial xəstəliklər vardır ki, onları yalnız antibiotiklə müalicə etmək olur. Biz isə lüzumsuz yerə antibiotikdən istifadə edərək mikrobların antibiotiklərə qarşı müqavimətini artırsaq, doğrudan da, antibiotik lazım olan belə xəstəlikər zamanı bu tibbi maddə mikroblara təsir etməyəcək. Bir sözlə, çalışaq ki, antibiotiklər mikroblar qarşısında deyil, mikroblar həmişə antibiotiklər qarşısında aciz qalsın...
    Antibiotiklərin yetkinlik yaşına çatmış insanların orqanizmində yaratdığı problemlər haqqında həkim terapevt Gülan Allahverdiyevanın da fikirlərini öyrəndik. O dedi ki, böyüklərin orqanizmi uşaqlardan fərqləndiyi üçün xəstəliyin özünü büruzə verməsi də fərqlənir. Bəzi hallarda bu da insan bədənində ciddi allergik reaksiyalar meydana gətirə bilər: allergik reaksiyalar yalnız yüngül bir qaşıntı, ya da dəri problemi şəklində, bəzən daha ağır ola bilər. Bu da qaraciyərin funksiyalarını pozmağa gətirib çıxarar. Qaraciyərdə problemi olan insanlara antibiotiklərdən uzaq durmaq tövsiyə olunur. Antibiotikdən yanlış istifadənin digər fəsadlarından biri böyrək çatışmazlığına yol aça bilməsidir. Çünki böyrəklər üzərində toksik təsirlər yaradaraq orqan çatışmazlığına təkan verir. Kəskin böyrək çatışmazlığının ən azı beşdə biri istifadə edilən dərmanlar səbəbiylə inkişaf edir.
    Oxucuların nəzərinə onu da çatdıraq ki, bundan sonra hər bir vətəndaş öz sağlamlığı naminə həkim məsləhəti olmadan reseptsiz antibiotik əldə edə bilməyəcək.

Bülbül Quliyeva
Aysel YUSİFZADƏ

Nəşr edilib : 21.06.2023 18:53