AZ EN RU

Antibiotiklərdən özbaşına istifadə yolverilməzdir

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” adlı konfrans keçirilib.
    Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov antibiotiklərin zərərləri haqqında məlumat verib.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar həkimi Süleyman Cəfərov “Antibiotiklərin xeyri və zərəri haqqında nə bilirik”, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini İlkay Əliyeva “Pediatriyada antibiotiklərin istifadəsinə müasir yanaşma”, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyi aparatının Əczaçılıq və dərman vasitələrinin reyestri sektorunun müdiri Hacı Əliyev “Antibiotiklərin həkim tərəfindən təyin olunması və əczaxanalardan buraxılması qaydaları” mövzularında çıxış ediblər.
    Çıxışlarda qeyd olunub ki, mütəxəssislər tərəfindən daim xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi insanlar antibiotiklərdən uzun müddət qeyri-düzgün istifadə edirlər ki, bu da bir çox xəstəliklərə səbəb olur. Bu baxımdan antibiotikləri yalnız həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır.
    Diqqətə çatdırılıb ki, muxtar respublikada da istənilən vaxt aptekə girib, heç bir həkim məsləhəti olmadan antibiotik alıb özbaşına istifadə edənlər az deyil. Həmin şəxslər, nəticədə, sonradan onun fəsadları ilə üz-üzə qalır. İnsanlar xəstələndiyi zaman bəzən həkim məsləhəti olmadan, kimlərinsə, məsuliyyətsiz insanların tövsiyələri ilə, ya da apteklərdə məsləhət görülən hansısa antibiotikləri qəbul edirlər. Amma, təbii ki, bu cür hallar tamamilə qeyri-qanunidir. Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir. Antibiotiklər, əksinə, xəstənin vəziyyətini ağırlaşdırır. Antibiotiklər orqanizmə əlavə yükdür. Təəssüf ki, insanlarımız bu reallığı qəbul edə bilmir. Elə bilirlər ki, antibiotiklərdən istifadə edilməsə, sağalmayacaqlar. Bu, tamamilə yanlış düşüncədir və insanın həyatını itirməsinə səbəb ola bilər.
    Çıxışlarda xüsusi vurğulanıb ki, Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur. Türkiyədə də artıq apteklərdə antibiotiklərin reseptsiz satışının qadağan olunması ilə bağlı qərar qəbul edilib.
    Çıxışlardan sonra suallar cavablandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.06.2023 15:26