AZ EN RU

Antibiotiklərdən özbaşına istifadə yolverilməzdir

    Mütəxəssislər tərəfindən daim xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi nisanlar antibiotiklərin uzun müddət qeyri-düzgün istifadə edirlər ki, bu da bir çox xəstəliklərə səbəb olur. Bu baxımdan antibiotikləri yalnız  həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır.
    Muxtar respublikada da özbaşına antibiotik preparatlarından istifadə edənlər az deyil. İndi istənilən vaxt aptekə girib, heç bir həkim məsləhəti olmadan antibiotik alıb istifadə edirlər. Həmin şəxslər, nəticədə, sonradan onun fəsadları ilə üz-üzə qalır. İnsanlar xəstələndiyi zaman bəzən həkim məsələhəti olmadan, kimlərinsə, məsuliyyətsiz insanların tövsiyələri ilə, ya da əllərdə gəzən əsassız reseptlərlə antibiotik alıb, istifadə edir, bəzən də apteklərdə məsləhət görülən hansısa antibiotikləri qəbul edirlər. Amma, təbii ki, bu cür hallar tamamilə qeyri-qanunidir. Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir. Antibiotiklər, əksinə, xəstənin vəziyyətini ağırlaşdırır. Antibiotiklər orqanizmə əlavə yükdür. Təəssüf ki, insanlarımız bu reallığı qəbul edə bilmir. Elə bilirlər ki, antibiotiklərdən istifadə edilməsə, sağalmayacaqlar. Bu, tamamilə yanlış düşüncədir və insanın həyatını itirməsinə səbəb ola bilər.
    Xüsusilə qeyd etmək istərdik ki, Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur. Türkiyədə də artıq apteklərdə antibiotiklərin reseptsiz satışının qadağan olunması ilə bağlı qərar qəbul edilib. 
    Səhiyyə Nazirliyi tərəfindən antibiotiklərin apteklərdə reseptsiz satılmasının qadağan olunması ilə bağlı çağırışlar edilir, bu məsələnin tənzimlənməsi istiqamətində tədbirlər görülür. Ümumiyyətlə, antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılması birmənalı şəkildə qadağan olunmalı, dərman preparatları yalnız resept əsasında satılmalıdır.
    Ümid edirik ki, muxtar respublikada da əhali öz sağlamlığı naminə həkim məsləhəti olmadan hər hansı antibiotik və ya digər dərman preparatlarını alıb istifadə etməyəcək, öz sağlamlığını risk altına  atmayacaq. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.06.2023 20:02