AZ EN RU

Ankara Universiteti ilə əməkdaşlıq əlaqələri yeni mərhələdə

    Dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr sistemində qardaş Türkiyə Respublikasının ali təhsil ocaqları müstəsna yerə malikdir. Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə geniş əməkdaşlıq fəaliyyəti mövcuddur. 2021-ci ilin iyul ayında Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti ali təhsil ocağında yeni qurulacaq Texnopark layihəsində təcrübə əldə etmək məqsədilə Türkiyənin bir sıra universitetlərində, Türkiyə Ali Təhsil Şurasında olub və əməkdaşlıq müqavilələri imzalanıb. 
    Əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin nəticəsidir ki, hazırda Naxçıvan Dövlət Universitetində ali təhsil alan 1500-ə yaxın xarici ölkə vətəndaşının 1100-ə yaxını türkiyəli tələbələrdir. Bu günlərdə isə Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar,  Qazi Universitetinin rektoru, professor doktor Musa Yıldız, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, həmin universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Naxçıvan Dövlət Universitetində olublar. Səfər çərçivəsində Ankara Universiteti ilə əməkdaşlıq perspektivləri müzakirə edilərək universitetlərarası əməkdaşlıq protokolu imzalanıb.
    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar, universitetin prorektoru Hicabi Kırlangıçın iştirak etdiyi görüşdə hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunulub, təhsil sahəsində ötən ildən başlayaraq əsası qoyulan əməkdaşlığın perspektivlərindən danışıblar. Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələri və Türkiyə universitetləri ilə tərəfdaşlığı haqqında məlumat verərək bildirib ki, onların sırasında Ankara Universitetinin xüsusi yeri vardır. Elbrus İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini vurğulayıb.
      Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar təmsil etdiyi ali təhsil ocağının beynəlxalq əməkdaşlıqlarında Azərbaycan universitetlərinin xüsusi payı olduğunu diqqətə çəkib. Magistratura və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri barədə danışan Necdət Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də mümkün olacağını irəli sürüb. Tədbirdə rektorlar tərəfindən Naxçıvan Dövlət Universiteti ilə Ankara Universiteti arasında akademik sahədə əməkdaşlıq protokolu imzalanıb.
    Qeyd edək ki, Türkiyənin on ən yaxşı universiteti sırasında yer alan Ankara Universitetinin əsası 1946-cı ildə qoyulub. 36 ayrı kampusda fəaliyyət göstərən universitetdə 4800 əcnəbi tələbə təhsil alır ki, bunlardan 450-si Azərbaycan vətəndaşıdır.
    İmzalanan universitetlərarası əməkdaşlıq protokolunda tərəflərin qarşılıqlı olaraq maraqlarına uyğun akademik və elmi mövzulardakı fəaliyyətlərində imkan və təcrübələrdən birgə faydalanmaq, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat, tədris və tədqiqat məqsədilə kitab və digər elmi nəşrlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsi öz əksini tapıb.
    Mövlana proqramının yenilənməsi, tibb təhsili ilə bağlı bakalavr, rezidentura pillələrində təcrübə, Ankara Universitetində qurulmuş Big Data mərkəzində praktik təcrübə keçmək imkanı, bakalavr səviyyəsində Tarix, Biologiya, Elektrik və elektronika, Kompüter mühəndisliyi, Kimya ixtisasları, Magistratura pilləsi üzrə Klinik psixologiya ixtisası istiqamətində birgə təlim, tədris və tədqiqatın təşkil edilməsi, konservatoriya ixtisasları üzrə Naxçıvan Dövlət Universiteti təcrübəsinin Ankara universitetləri ilə paylaşılması məsələləri müzakirə edilib. Hər iki universitet rektorları qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivlərindən danışıblar.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

 

Nəşr edilib : 04.04.2022 17:48