AZ EN RU

Anasına bayraq hədiyyə edən şəhid

Ayaz Sultan oğlu İbrahimov

10.06.1998-10.11.2020

Ayaz balaca vaxtından fərqli uşaq idi. 4-5 yaşı olardı. Həyətdə paltar yuyurdum. Küçədə uşaqlar musiqiyə gedirdilər. Çağırdı ki, ay ana, tez gəl bura. Dedim, Ayaz nə olub? Dedi, gəl bax ey oğlanlarım gəlir. Deyirdi, bunlar mənim uşaqlarımdı. Gedirlər məktəbə. O qədər zarafatcıl idi. Çox həyat dolu idi. Nə kin, nə paxıllıq. Hamısı balamdan uzaq idi.

Deyirdi, ana, səni elə yaşadacam ki. IX sinifdə oxuyurdu. Dedi ki, ana, sənədlərimi vermişəm hərbi liseyə. Dedim, ay bala, evin tək uşağısan getmə. Getdi imtahana gəldi dedi, ana, sənə görə yazmadım. 
Qohumlarımızdan çoxu hərbçidir. Onlar bizə gələn kimi paltarlarını geyinirdi. Çiyin sümüyündə sınıq var idi. Çağırışa getdi. Dedilər ki, yararsızdır. Getdi çiynindəki mili çıxardı ki, onu əsgərliyə aparsınlar. Əsgərliyə getdi. O qədər həvəslə, istəklə əsgərliyini etdi ki, ifadə edə bilmirəm. O qədər həvəsi var idi ki, əsgərliyini bitirib hərbidə qaldı. Dedi, ana, mənə icazə verin, mən burada qalmalıyam. Sonra sənədlərini verib xüsusi təyinatlı kimi işə başladı.
Bir dəfə atası işləyəndə yanına getmişdi. Görüb ki, Ayaz çox zəifləyib. Deyib, oğul, sənə nə olub? Deyib, ata, bir həftədir, yemək yemirəm ki, çəkim xüsusi təyinatlı olmağıma mane olmasın. İşini çox sevirdi Ayaz. Sonra yenə getmişdi yanına. Ayazı görəndə təəccüb edib. Deyirdi, Ayaz cəsur hərbçilərə xas görüntüsü ilə sevinirdi ki, mən xüsusi təyinatlı qüvvələrdə xidmət edəcəyəm. 
Bayrağımızı çox sevirdi. Müharibəyə getməmişdən qabaq gətirib mənə bir bayraq verdi. Daha demədi ki, canından çox sevdiyi bayrağa bükülərək mənim yanıma gələcəkdir. Sonuncu dəfə noyabrın 7-si danışdıq. Noyabrın 9-da saat 6-da şəhid oldu. Müharibənin bitməyinə 18 saat qalmış... Şəhidliyi ilə bayrağını daha da müqəddəsləşdirdi.

Nəşr edilib : 03.06.2024 21:50