AZ EN RU

Anar Bağırov: “Sabahdan etibarən son bir il ərzində Naxçıvanda vəkillərin sayı 100 faiz artacaq”

Son illər ölkəmizdə vəkillik sahəsində mühüm islahatlar aparılıb, vəkillərin sayı xeyli artıb. Həmçinin vəkil büroları müasirləşib, təkmilləşdirilib. Əsasən, gənc hüquqşünaslardan ibarət gənc hüquq korpusu formalaşdırılır. Vəkillər Kollegiyası olaraq bizi Naxçıvan Muxtar Respublikasında vəkillikdə inkişafın digər bölgələrə nəzərən daha ləng getməsi narahat edirdi. Lakin görülən tədbirlər nəticəsində son bir il ərzində Naxçıvanda kəskin irəliləyiş var. 
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov söyləyib.
O deyib: “Məlum olduğu kimi, Şərur rayonunda vəkil bürosu açılmışdı. Bu gün artıq Naxçıvanda asan vəkil bürosu açılır. Və sabah isə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə, eyni zamanda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan böyük bir konfrans keçiriləcək. Konfransda Naxçıvan Muxtar Respublikasının hüquq təsisatı müzakirə olunacaq. O cümlədən hüquq-müdafiə fəaliyyətinin vəziyyəti barədə geniş müzakirə aparılacaq. Təbii ki, məqsədimiz ondan ibarətdir ki,  ölkəmizin bütün bölgələrində hər kəs yüksək hüquqi yardımla təmin olunsun. Həmçinin sizinlə bir şad xəbəri də bölüşmək istərdim. Son bir il ərzində Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar nəticəsində vəkillərin sayı sabahdan etibarən 100 faiz artacaq. Bu çox ciddi irəliləyişdi”.
Anar Bağırov qeyd edib ki, bu günü çoxdan arzulayırdıq.  Və artıq deyə bilərik ki muxtar respublikada vəkillərin sayı xeyli artır və indidən sonra daha da artacaq. Beləliklə, Naxçıvanla bağlı Vəkillər Kollegiyası olaraq qarşıya qoyulan bütün vəzifələri icra edirik. Təbii ki,  gələcək üçün də planlarımız var. Çox istərdik ki, Naxçıvanın digər bölgələrində də vəkil büroları yaradılsın və respublika Vəkillər Kollegiyası bundan ötrü dəstəyini göstərəcəkdir. Ümumiyyətlə, bu gün Naxçıvanda müşahidələr onu göstərir ki, insanlar onlara göstərilən yardımdan tam razıdırlar. Həmçinin keçən ildən etibarən hər ay muxtar respublika ərazisində vəkillər tərəfindən pulsuz hüquqi yardım aksiyaları keçirilir. Bu gün də belə bir aksiya təşkil olunub.  Və vətəndaşlarla görüşlər nəticəsində məlum oldu ki, onlar inamla vəkillərə müraciət edir, suallara cavab tapırlar.
“İyun ayının sonunda Naxçıvan şəhərində Avropa Vəkillər Assosiasiyasının iştirakı ilə  yerli vəkillər üçün təlimlər təşkil olunacaq.  Ən yaxn planımızda olan məsələ məhz budur. Ümumiyyətlə, Naxçıvan vəkilliyi üçün nə lazımdırsa  edilir və ediləcək”,- deyə Anar Bağırov əlavə edib.


Bülbül Quliyeva

Nəşr edilib : 07.05.2024 13:28