AZ EN RU

Anar Bağırov: “Muxtar respublikada ədalət mühakiməsinin ən yüksək standartlarına nail olmağa çalışacağıq”

Naxçıvanda keçirilən “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfransdan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “Şərq qapısı” qəzetinə müsahibə verib. Müsahibədə Ulu Öndərin adı ilə bağlı olan konfransın əhəmiyyəti, Naxçıvanda vəkillik sahəsində mövcud nöqsanların aradan qaldırılması üçün görüləcək işlərdən, gələcək planlardan söhbət açılıb: Bugünkü konfransda fikrimcə çox maraqlı müzakirələr aparıldı, zənnimcə Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində gələcəkdə aparılacaq islahatların konturlarını müəyyən etdik. Həqiqətən də Naxçıvanda vəkillik sahəsində bir çox işlər görülüb, muxtar respublika Vəkillər Kollegiyasının yaxşı maddi texniki bazası mövcuddur. Lakin bizi narahat edən bəzi məqamlar da vardır. Bu məqamlardan biri, təbii ki, ən əsası odur ki, Naxçıvan Muxtar Respublikasında vəkillərin sayı ölkəmizin digər ərazisi ilə müqayisədə xeyli azdır və zənnimcə ən zəruri tədbirlərdən biri müntəzəm xarakter daşıyan imtahanların keçirilməsi, gənc hüquqşünaslar vəkilliyə dəvət olunmasıdır. Bundan ötrü kompleks tədbirlər həyata keçiriləcək, imtahanlar təşkil olunacaq. Vəkillər Kollegiyası təkmilləşməlidi, cavanlaşmalıdı, vəkilliyə yeni nəfəs gəlməlidi. Əgər ölkəmizin digər ərazisi ilə müqayisə etsək onda görərik ki, Naxçıvan Muxtar Respublikasında 100 min əhaliyə düşən vəkillərin sayı bir neçə dəfə azdır. Misal üçün orta respublika göstəricisi 100 min əhaliyə 23 vəkildirsə, Naxçıvanda bu rəqəm 6 nəfərə yaxındır. Yəni, bundan sonra vəkillərin sayı xeyli artmalıdır. Nəticə etibarilə, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin də qaldırdığı məsələlərdən biri də odur ki, Naxçıvan şəhərindən sonra digər rayon və şəhərlərdə də vəkil qurumları fəaliyyət göstərməlidir. Bununla əlaqədar da tədbirlər görülməlidir, həmin qurumların təşkilatlanması ilə bağlı müəyyən səylər göstərilməlidir. Eyni zamanda vəkillərin peşə hazırlığının artırılması, müvafiq təlimlərin təşkili də qarşımızda duran vacib vəzifələrdən biridir. Zənnimcə qısa zaman ərzində bütün bu problemlər öz həllini tapacaqdır. Hər bir Naxçıvan sakini keyfiyyətli hüququ yardıma çatımlılıq əldə edəcək. Və beləliklə Naxçıvan Muxtar Respublikasında ədalət mühakiməsinin ən yüksək standartlarına nail olunacaq.

Anar Bağırov qeyd edib ki, respublika Vəkillər Kollegiyası Naxçıvanla bağlı Tədbirlər Planı hazırlayacaq və ən qısa zamanda biz bu Tədbirlər Planını realizə edəcəyik. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vəkillər də çox həvəslidirlər, onların da bir çox təklifləri var. Biz bu təkliflərin də hər birin nəzərə almışıq. Burada olan vacib problemlərdən biri də formal vəkillikdir. Əslində Bakıda da bəzən bu problemə rast gəlinir. Formal vəkillik qətiyyən yolverilməzdir. Vəkillər öz vəzifələrini, funksiyalarını layiqincə və  vəkil andına uyğun olaraq yerinə yetirməlidirlər. Hər bir vətəndaş vəkil tərəfindən göstərilən hüquqi xidmətin keyfiyyətinə əmin olmalıdır. Və təbii ki, Naxçıvanda cəmiyyətdə vəkillik nüfuzu mütləq  artırılmalıdır.  Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin məhz siyasi iradəsinə və qərarına əsasən 1999-cu ildən etibarən ölkəmizdə müstəqil vəkillik təsisatı formalaşıb. Və biz vəkillər ulu öndərin xatirəsini hər zaman, əbədi olaraq yad edəcəyik. Çünki dahi şəxsiyyət həqiqətən postsovet məkanında vəkilliyə müstəqillik verən ilk liderlərdən oldu və Azərbaycan Respublikası bu baxımdan digər postsovet respublikaları ilə müqayisədə vəkilliyi müstəqil təsisat kimi fəaliyyət göstərən ilk respublikalardandır. Təbii ki, bu Ulu Öndərin uzaqgörənliyidir. Çünki müstəqil vəkillik olmadan ölkədə ədalət mühakiməsinin yüksək standartlarına nail olmaq qeyri mümkündür. Gələcəkdə Naxçıvana yeni səfərlərimiz, görüşlərimiz olacaq. Ümid edirəm ki, hər kəs müsbət dəyişikliklərin şahidi olacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.03.2023 16:46