AZ EN RU

Anar Bağırov: Gələn il Naxçıvanda vəkillərin sayında kəskin artım olacaq

“Təəssüf hissi ilə onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında son illər ərzində vəkillərin sayı nəinki artıb, əksinə azalıb. Bu gün Naxçıvanda cəmi 18 nəfər vəkil fəaliyyət göstərir. Təbii ki, bu bizi qane edə bilməzdi. Hazırda Naxçıvan Vəkillər Kollegiyasının yeni rəhbərliyi seçilib və çox mütərəqqi, savadlı insanlardır. Yeni Rəyasət Heyəti ilə biz sıx təmasdayıq. Onlara hərtərəfli dəstək göstəririk. Elə bu il mən iki dəfə Naxçıvana səfər etmişəm. Orada həm rəsmilər, həm vəkillər, həm də hüquqşünas tələbələrlə bir çox görüşlər keçirmişik. Naxçıvan Dövlət Universitetinin çox gözəl şəraiti var. Həmin ali məktəbin hüquq fakültəsinin tələbələri bizim gələcək potensial vəkillərimizdir”.

Bu fikirləri eksklüziv müsahibəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O xatırladıb ki, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yeni vəkil bürosu açılıb

“Hazırda imtahanda da Naxçıvandan olan namizədlər uğur qazanıblar. Mən ümid edirəm ki, növbəti imtahandan sonra, yəni 2024-cü ildə Naxçıvanda vəkillərin sayında kəskin artım olacaq. Proqnozlarıma görə, bu artım gələn ilin təxminən aprelinədək baş verəcək. Biz bundan ötrü bütün səylərimizi səfərbər edirik və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərkibində olan Naxçıvan Muxtar Vəkillər Kollegiyasına hər cür dəstək - həm maddi, həm də təşkilati dəstək göstəririk. Hətta onlara avtobus da hədiyyə etmişik. Bundan əlavə, Naxçıvan Respublikasının Vəkillər Kollegiyası bu ilə kimi özü-özünü maliyyələşdirə bilmirdi. Hətta onlara Naxçıvan dövlət qurumlarından maddi dəstək göstərilirdi. İndi bu məsələ aradan qalxıb. Hazırda bu qurum da tamamilə özünü idarə edən, özünü maliyyələşdirən bir orqana çevrilib”- deyə, A. Bağırov qeyd edib.

Nəşr edilib : 14.12.2023 17:12