AZ EN RU

ANAMA və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Silah və partlayıcı sursatların yaratdığı təhlükələrlə mübarizə şöbəsinin rəhbəri Erik Tollefsen ilə görüşüb.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım, minaların ətraf mühitə təsirinin azaldılması məqsədilə istifadə olunan innovativ yanaşmalar, habelə Azərbaycanda mina fəaliyyətinin tədrisi üçün yaradilacaq Mükəmməllik Mərkəzinə dair fikir mübadiləsi aparılıb.

Erik Tollefsen agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu sahədə bir çox ölkələrin agentliyin təcrübəsindən yararlanmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Erik Tollefsen bu il mayın 30-dan 31-dək ölkəmizdə keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının müvafiq panel müzakirələrində “Mina təhlükəsi ilə mübarizə sahəsində texnoloji innovasiyalar: ətraf mühit problemləri" mövzusunda çıxış edib. O mina probleminin aradan qaldırılmasının strateji və əməliyyat aspektləri barədə fikirlərini paylaşıb.

Nəşr edilib : 06.06.2024 17:55