AZ EN RU

Ana dilimiz milli kimliyimizdir

Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir.

Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür.

Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil sevinc də gətirir, təəssüf də... Zərifdir, incədir, lətafətlidir, ecazkardır, Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı dilim...

                                   Füzuli zirvəli, Vaqif vüqarlı

                                   Mənim Qorqud dilim, Ələsgər dilim.

                                     Ömrümün naxışı, bəxtimin xalı

                                     Dadda, şirinlikdə bal, şəkər dilim!

Ümummilli liderimiz Heydər Əliyev deyirdi:

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyətin də dediyi kimi “hər bir xalq öz dili ilə yaranır”.

Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil ilə 44 günlük qələbənin müjdəçisi olmuşuq. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dilidir Azərbaycan dili.

Millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxan qədimliyini və tarixini yüksək dəyərləndirən Ümummilli lider Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla, qətrə-qətrə hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb. Hələ XII əsrdə təkcə Şərqə deyil, dünya ədəbiyyatına öz əvəzsiz əsərləri ilə imza atan dahi Nizami Gəncəvinin əsərlərində ana dilimizin qüdrətini, gözəlliyini duyuruq.

Qılıncının hər iki tərəfi kəsən, dilimizə dil uzadanların dilini kəsən, ana dilini göylərə qaldıran şair-hökmdar Şah İsmayılın Azərbaycan dilini dövlət və poeziya dilinə çevirməsi, ədəbiyyatımızda, klassik poeziyamızın inkişafında, ana dilimizin şeir dilinə çevrilməsində xidmətləri əvəzsizdir. Səfəvilər dövlətinin yaradıcısı, görkəmli şair Şah İsmayıl Xətayi tariximizdə ilk dəfə olaraq türk dilini dövlət dili səviyyəsinə yüksəltmişdir. Onun dövründə fərmanlar türkcə yazılır, diplomatik sənədlər Avropa ölkələrinə türk dilində göndərilirdi.Onun bu sözləri hər bir azərbaycanlının dilinin əzbəridir: “Ey türk oğulları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cavahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın…”

Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldıra bildi.

30-cu illərdə repressiya zamanı yüzlərlə milli düşüncəli şairimiz, o cümlədən H.Cavid, Ə.Cavad, M.Müşfiq və sairələri repressiyanın qurbanına çevrildilər. Bu repressiya milli şüurumuza, düşüncə tərzimizə, millətimizə, dilimizə böyük zərbə oldu. Lakin 70 il Sovet rejiminin ağır və əzici təsiri altında olsa belə dilimiz, dilimizin saflığı uğrunda mübarizə aparan vətənpərvər sənətkarlarımızın gərgin mübarizəsi nəticəsində özünün milliliyini qoruyub saxlaya bildi. Hələ 60-cı illərdə dövlət idarələrində ana dilində danışmağın qadağan olunduğu illərdə bir sıra milli düşüncəli sənətkarlarımız öz yaradıcılıqlarında ana dili mövzusunu ana xəttə çevirdilər. M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk, T.Bayram, B.Vahabzadə kimi milli dəyərlərimiz uğrunda mübarizə aparan yazıçı və şairlər nəsli yetişdi.

Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: “Bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var”.

Dil millətin varlığı, onun mənəvi diriliyidir. Dil xalqın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Dilimiz bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Mənim ana dilim Azərbaycan dilidir. O dil ki əsrlərin, nəsillərin sınağından qətiyyətlə keçərək bizə yadigar qalıb. Bu dil müqəddəs, əzəmətli və qüdrətli bir dildir. Dil həm də mədəniyyətdir, onu qorumaq və ona hörmətlə yanaşmaq lazımdır. Bu dildə nənələrimiz, babalarımız bizə şirin nağıllar söyləmişdir. Ana dili hamı üçün əziz və unudulmaz olmalıdır.

Bizim dilimiz zəngin bir dildir. Azərbaycan dilində yaranmış yüzlərlə nağıllar və saysız-hesabsız bayatılar, tapmacalar, atalar sözləri, məsəllər xalqımızın gözəl və zəngin dili ilə ifadə edilir. Məhəmməd Füzulini və Molla Pənah Vaqifi, Mirzə Fətəli Axundovu və Səməd Vurğunu xalqa sevdirən də məhz dilimizin zənginliyi və şirinliyidir.

Dilimiz tarix boyu bir sıra çətinliklərlə üz-üzə gəlsə də, onu qoruyan mərd oğul və qızları həmişə mübarizə apararaq onu bugünkü səviyyəsinə çatdırmışlar. Hər bir insanın təkamülündə ana dilinin rolu böyükdür. Ana dili milli təhsil, milli birlik, milli kimliyimiz deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalq məhvə məhkumdur. Ana dilimizi sevmək Vətəni, xalqı, milləti sevməkdir.  Ana dili bütün elmləri öyrənməyin açarıdır. Hər bir insan, ilk növbədə, öz dilini yaxşı bilməli, ədəbi dildə düzgün danışmağı və yazmağı bacarmalıdır. Heç vaxt dilimizə qarşı laqeyd olmamalı, etinasızlıq göstərmə­məliyik. Bizim vətəndaşlıq borcumuz əsrlərin, nəsillərin yadigarı olan ana dilimizin saflığını, varlığını hər vasitə ilə yaşadıb, gələcək nəsillərə ötürməkdir. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları bir-biriylə doğmalaşdıran atributdur. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Dilimizin inkişafı ilə əlaqədar son dövrdə bir çox uğurlar əldə edilmişdir. Bütün xalq bu dildə danışır, elmi kitablar, bədii əsərlər, mətbuat bu dildə nəşr olunur. Konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dövrün özünün problemləri var. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radio və televiziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Zaman – zaman dilimizə daxil olan yad ünsürlər, sözlər də vardır ki, bu gün onların dilimizə ayaq açmalarına imkan verməməli, dilimizi yad, bayağı sözlərdən qorumağı bacarmalıyıq.

Belə sözlərin bir qisminə nəzər yetirək:

Dilimizə   gəlmiş sözlər

 

Dilimizdə onları əvəz edən sözlər

Kvorum

yetərsay

Banka

bərni

Xəcalət

Utanc

Trofik ,və ya probka

Tıxac

Genosid

Soyqırım

Ekskluziv

ilk dəfə

Ekspront

xəbərsiz

Tormoz

əyləc

Məna , ifadə

Anlam

Rajok

Dabankeş

      Skvoznyak

yelçəkər

Əsr

Yüzillik

Reytinq

Üstünlük

(Meyvə) nektarı

(meyvə) şirəsi

Devalvasiya

Ucuzlaşma

Təsəvvvür

Anlayış

Tədqiqat

Araşdırma

Distant

uzaqdan təlim

Kompyuter

Bilgisayar

Ostonovka

dayanacaq

Stol

Miz

Stul

Oturacaq

Təxliyə

köçürmə

Market

alış-veriş yeri

Monitorinq, Akreditasiya

Yoxlama

Mütaliə

oxumaq

Tramplin

Aşırım, əngəl (maneə)

Veşelka

Asılqan

Tədqiqat

Araşdırma

Hərarət

istilik , qızdırma

Vilka

çəngəl

Tupik

döngə

Vəziyyət

Durum

Pol

döşəmə

Patalok

Tavan

Lüstur

Çılçıraq

Lampoçka

Çıraq

lüğət

Sözlük

Müasir

Çağdaş

Parnik

Istixana

Cəmiyyət

Toplum

Kombayn

ot biçən, taxl biçən

Traktor

yer şumlayan

Müharibə

Savaş

Zadvişka yaxud, ruçka

cəftə

Jurnal

dərgi

Mismar

Mıxca

Vahimə

Qorxu və s.

Bu qeyd etdiklərimizi, demək olar ki, əksəriyyəti bilir, lakin əhəmiyət vermir.  Dilimizi, onun saflığını korlayan təkcə bu amillər deyil, ürək ağrıdıcı hallar da çoxdur. İnamla qeyd edə bilərik ki, dilimizi korlayan  bəzi müğənnlərin, aparıcıların, rekalmçıların  (tərif edib zay malı işə keçirənlərin), qazanc xatirinə, reytinq (üstünlük) əldə etmək istəyənlərin dilimizə gətirdikləri “yeni”, əcnəbi sözlərlə dilimiz “zənginləşdirmək” istəyənlər də az deyil.  Yuxarıda sadaladıqlarımızı bilən oxuayan hər bir vətəndaş,  tələbə, magistr və digər dil sevərlər biz qeyd etdiklərimizi çox yaxşı  bilir, ancaq bəlkə də “əşi cəhənnəmə olsun”- deyə ürək ağrısı ilə mən neyləyə billəm, eee.....təəssüf  hissi  keçirirlər.

Milli dil milli kimliyimizdir, milli-mənəvi dəyərlərimizin özülüdür. Milli dil millətin bel sütunudur. Bu sütun əyilsə, çatlasa, hər hansı bir zədə tapsa, milli dil də paralel olaraq həmin ağrını – acını çəkəcək. Milli dil atributiv xarakter daşıyır, yəni, təyinedici xüsusiyyətə malikdir, konkret desək, milli dil millətin, xalqın mübtədası, xəbəri, tamamlığı, zərfliyi olmaqla bərabər, mütləq mənada “təyin”idir. Deməli, milli dil, kimlikdi, atributdu, torpaq kimi, vətən kimi müqəddəsdir. Lakin, torpaqdan bir parçanı düşmən zəbt etsə, onu ya sülh, ya da müharibə yolu ilə geri qaytarmaq mümkündü, ancaq dil zədələnsə, korlansa, onu normal hala salmaq üçün bəlkə də qərinələr, əsrlər qədər vaxt lazım olar. Buna görə də dilimiz, onun zənginliyini, səlisliyini, saflığını qorumaq, xüsusən yad ünsürlərdən, kənar sözlərdən, lazımsız alınmalardan təmizləmək hər bir vətəndaşın, xüsusən də ziyalıların, aparıcıların, jurnalistlərin, televiziya və radio işçilərinin, efir əməkdaşlarının ən mühüm vəzifəsi, borcudur.

Dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Çünki, ana dili beşik başında layladan başlayır. Dünyanın ən gözəl, qədim dillərindən biri olan Azərbaycan dilini-öz ana dilimizi sevməli və qorumalıyıq. Laylalı-bayatılı ana dilimiz həm də hər birimizin varlığıdır. Bununla belə, ana dili problemi bu gün yenə də aktual problem olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür.

Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Dövlətimizin Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atdığı vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Ümummilli lider Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Bəli, Azərbaycan dili- ana dilimiz milli mənəviyyatımız, milli kimliyimiz, milli dəyərlərimizdir. Bu dəyərlərimizi qorumalı, gələcək nəsillərə doğru-düzgün çatdırmalıyıq, çünki Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dilibizim varlığımız, vüqarımız, fəxr dünyamızdır. 

Doğma dilim, sən ki varsan dünyada!

«Mən də varam!» söyləməyə haqlıyam.

Anam! Ana dilim! Ana Vətənim!

Mən bütün qəlbimlə sizə bağlıyam!

                         Arifə ZEYNALOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Naxçıvan Dövlət Universiteti

Azərbaycan dili və ədəbiyyatı kafedrası

Nəşr edilib : 21.02.2023 11:26