AZ EN RU

Ana dilim, səndədir xalqın əqli, hikməti...

“Bu gün hər bir Azərbaycan gənci dil bilməlidir. Lakin onlar hər şeydən əvvəl öz ana dillərini bilməlidirlər”. Ulu Öndərimiz Heydər Əliyevin bu fikirləri müasir dövrdə gənclər üçün bir şüar kimi səslənir. Çünki qloballaşan dünyanın çağırışlarına cavab vermək üçün dünya dillərini bilmək lazımdır. Amma, ilk növbədə, öz dilini mükəmməl bilmək, onu dərindən öyrənmək, təbliğ etmək hər bir azərbaycanlının borcudur. Müasir dövrdə yad dillərin güclü təsirinə məruz qalan bütün dünya dilləri kimi, bizim ana dilimizin də qorunmağa, möhkəmlənməyə ehtiyacı var. Çünki bu dil bizim ata-babalarımızdan miras qalan ən böyük dəyərdir. Bu dildə bizim xalqımızın qəhrəmanlıq tarixi, mübarizələrlə dolu keçmişi, əzmi, zəfəri yaşayır. Azərbaycan dili qədim ənənələrə, zəngin söz ehtiyatına malik bir dildir. O bizim üçün təkcə ünsiyyət vasitəsi deyil. Həm də bizim milli-mənəvi dəyərimizdir. Bütün dünya azərbaycanlıları arasında körpü yaradan bir vasitədir. Bu dildə yaranan qədim və müasir sənətkarlıq nümunələri onun bütün dövrlərdə nə qədər geniş ifadə imkanlarına malik olduğunu göstərir. Burada yaşayan qədim türk leksikasına, yer-yurd adlarına nəzər salsaq, bizim bu bölgənin əbədi və əzəli sakinləri olduğumuzu sübut etməyə ehtiyac qalmır. Çünki hələ “Kitabi-Dədə Qorqud”dan gələn Əlincə qalası, Şərur, Dərbənd, Dərəşam, Qaraçuq kimi toponimlər Azərbaycan tarixinin bələdçiləridir və bu gün də öz əzəmətini qorumaqdadır.

Azərbaycan dili milli dövlətçilik tariximizin bütün dövrlərində diqqət mərkəzində olmuş, onun dövlət dili səviyyəsinə yüksəlməsi üçün gərgin mübarizələr aparılmışdır. Dil həm də dövlətin varlığının əsas atributu, xalqın öz taleyinə sahibliyinin göstəricisi, maddi və mənəvi irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi işində bir vasitədir.

Ölkədə dil siyasətinin dövlət siyasətinin bir parçası kimi müəyyən edilməsi, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, vahid ünsiyyət vasitəsi olaraq milli birliyimizin və həmrəyliyimizin göstəricisi kimi beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyən etdiyi dövlət dil siyasətini daim diqqət mərkəzində saxlamış, uğurla həyata keçirmiş və dilimizin saflaşması, zənginləşməsi istiqamətində ciddi addımlar atmışdır. Dilimizin inkişafı və qorunması Onun yürütdüyü dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuş və Ulu Öndərimiz bu sahədə çox əhəmiyyətli sənədlər imzalamışdır. Ümummilli Liderimizin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir. Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafında müstəsna xidmətləri olan Ulu Öndər dil məsələsinə həm də Azərbaycançılıq ideologiyası, xalqın milliliyini təsdiq edən ən əsas amil kimi böyük siyasi dəyər verirdi. Buna görə də görkəmli dövlət xadiminin dilimizin, sözün əsl mənasında, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən yüksək kürsülərində eşidilməsində müstəsna xidmətlərini qürurla qeyd etmək olar.

Ulu Öndərin yürütdüyü dil siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafında xüsusi bir mərhələ hesab oluna bilər. Bu Sərəncam ölkədə dilçilik sahəsində aparılan araşdırmalara yeni istiqamət vermiş, onların daha səmərəli və aktual olmasını şərtləndirmiş, həm də ədəbi dilimizin inkişafına, zənginləşməsinə öz töhfəsini vermişdir. Dövlət başçımızın dil sahəsində imzaladığı mühüm sənədlər müasir dövrdə çox aktual olan dilimizin elektron məkanda istifadəsinin daha da genişlənməsinə təkan vermiş, dövlətin dilə olan diqqət və qayğısının dilin inkişafına müsbət təsirini izləmək imkanı yaratmışdır. 

“Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi şah əsərlər, nadir sənət inciləri yaradan ana dilimiz bizim ruhunuza hopmuşdur. Zəngin və qədim folklor nümunələrimizi yaradan bu dil dünyaya göz açandan son mənzilədək bizi müşayiət edir, dünya ilə birlikdə dəyişir, inkişaf edir. Bu o dildir ki, analarımız bizə beşik başında laylanı məhz bu dildə oxumuşlar. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər. Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Cəlil yanğısı, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Azərbaycan dili ahəngdar, musiqili bir dildir. Ona görə də də bu dildə tarixin müxtəlif dövrlərində dünya ədəbiyyatı xəzinəsini bəzəyən nadir sənət inciləri yaranmışdır. Mirzə İbrahimovun sözləri ilə desək, dilimiz qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur.

Azərbaycan dili bizim müqəddəs sərvətimizdir. Azərbaycan dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyimizdir. Azərbaycan dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Azərbaycan dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Burada mərhum professor Elbəyi Maqsudovun misraları xatırlanır:

          Sözlər də insan kimidir,

          Öz kökü var, öz əsli var.

          Min illərin sınağından keçib gələn

          Türk adında bir nəsli var...

          Hansı söz ki bir millətə

          sədaqətlə xidmət edər,

          O, millətlə daim yaşar.

          Hansı xalq ki öz sözünə,

          öz dilinə hörmət edər,

          O xalq daim nəhəngləşər,  ululaşar.

Dünyanın harasında olmasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının vahid ünsiyyət vasitəsi olan dilimiz tarixin ağır sınaqlarından çıxmış, başı bəlalar çəkmişdir. Lakin buna baxmayaraq, bu dil öz qüdrəti ilə yaşayır, inkişaf edir. Azərbaycan xalqı öz milli-mənəvi dəyəri, toxunulmaz sərvəti olan dilini qoruyaraq gələcək nəsillərə ötürür.

Bu gün dilimizin inkişafının əsas qarantı dövlətimizdir. Azərbaycan dili yüz illər, min illər boyu xalqımızın varlığını yaşatmış əvəzsiz hadisədir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onu təbliğ etməlidir.

Nuray ƏLİYEVA

AMEA Naxçıvan Bölməsinin dosenti

Nəşr edilib : 21.02.2023 11:55