AZ EN RU

Ana dilim ölən deyil! Başqa dilə dönən deyil!

    Azərbaycan dili qədim ənənələrə, zəngin söz ehtiyatına malik bir dildir. O bizim üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də bizim milli-mənəvi dəyərimizdir. Bütün dünya azərbaycanlıları arasında körpü yaradan bir vasitədir. Bu dildə yaranan qədim və müasir ədəbi nümunələr onun bütün dövrlərdə nə qədər geniş ifadə imkanlarına malik olduğunu göstərir. Bu dildə bizim xalqımızın qəhrəmanlıq tarixi, mübarizələrlə dolu keçmişi, əzmi, zəfəri yaşayır. Azərbaycan dili milli dövlətçilik tariximizin bütün dövrlərində diqqət mərkəzində olmuş, onun dövlət dili səviyyəsinə yüksəlməsi üçün gərgin mübarizələr aparılmışdır.

    Dil həm də dövlətin varlığının əsas atributu, xalqın öz taleyinə sahibliyinin göstəricisidir. Maddi və mənəvi irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi işində bir vasitədir. Azərbaycan dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Dilimiz bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Elə məhz buna görə də Cənubi Azərbaycanda əsrlərboyu soydaşlarımızın öz dillərindən istifadəsi qadağan olunub. Bu məsələ uzun bir tarixi dövrdə olduğu kimi, indi də xalqımızın ağrılı yeridir. Burada yaşayan əhalinin İrandakı molla rejimi tərəfindən sıxışdırılması, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin onlara unutdurulmağa çalışması əsrlərboyu həyata keçirilmiş, bu gün də həmin çalışmalar davam etməkdədir. Onlar belə hesab edirdilər ki, vahid dil – fars dili əsasında təhsil sistemi çoxmillətli ölkə olan İranda “vahid İran milləti”nin yaranmasına yardımçı olacaq və fars təfəkkürlü yeni nəsil yetişdirəcəkdir.
    Şah rejimi dövründən İranda ana dilimizə qarşı həyata keçirilən soyqırımı, dilimizin unutdurulması üçün aparılan iş onların gözlədikləri nəticəni vermədi. Bunun üçün ana dilində məktəblərin bağlanması, anadilli ədəbiyyata qarşı təzyiqlər, hətta soydaşlarımıza öz övladlarına türkcə adların qoyulması qadağası da yetərli olmadı. Öz soy-kökünə, qədim folkloruna, milli dəyərlərinə bağlı insanlar doğma dili unutmadılar. Bütün çətinliklərə baxmayaraq, öz ana dillərindən istifadə etməyə davam etdilər. Bu da İranın molla rejimi tərəfindən uzun illər yürüdülən türklərin farslaşdırılması siyasətinin iflasa uğramasına səbəb oldu.  
    Pəhləvilərin dövrü İranda milli dillərə qarşı ən kəskin münasibətin olduğu dövr kimi xarakterizə oluna bilər. Cənubi Azərbaycan tarixində yalnız Rza şah hakimiyyətdən getdikdən sonra – 1941-ci ildən başlayaraq Azərbaycan dilinə qarşı münasibətdə nisbətən yumşalma müşahidə edilməyə başlandı. Bu dövrdə yaranan anadilli mətbuatın da təsiri ilə milli oyanış baş verdi. Cənubi Azərbaycanda güclü milli hərəkat yetişmişdi və 1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan Milli Hökuməti yaradıldı. Hökumətin başçısı S.C.Pişəvəri idi. Bu hökumət 1946-cı ilin yanvarında Azərbaycan dilini Cənubi Azərbaycanda rəsmi dövlət dili elan etdi. Beləliklə də, tarixdə ilk və son dəfə Cənubi Azərbaycanda Azərbaycan dili rəsmi dil kimi təsbit edildi. Həmin hökumət 1946-cı ildə Təbrizdə ilk milli universitet – Azərbaycan Dövlət Universitetini təsis etdi. Burada dərslər Azərbaycan dilində aparılırdı. Lakin 13 dekabr 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etməli oldu. Beləliklə, onların yeritdiyi dil siyasəti də yarımçıq qaldı. Milli Hökumət ana dilimizin təbliği, inkişafı uğrunda qısa zaman kəsiyində çox işlər gördü. Onların səyləri nəticəsində milli ədəbiyyatın yaranması prosesi sürətləndi. Lakin sonrakı dövrlərdə də molla rejimi tərəfdarları dilimizə, ədəbiyyatımıza qarşı çox sərt mövqe tutdu və ana dilinin heç bir səviyyədə istifadəsinə imkan vermədi. Bu cəhdlər bölgədə fars dilinin nüfuzunu yüksəltməyə, onun təhsil sistemində möhkəmlənməsinə və beləliklə də, ana dilini unutdurmağa yönəlmişdi. Lakin, təbii ki, xalqın milli dəyəri olan dilini – folklor nümunələrinin yarandığı, ata-babalarının danışdığı, göz açıb gördükləri, ailələrindən əxz etdikləri doğma dilini unutdurmağa müvəffəq olmaq qeyri-mümkün idi.
    Bu illər ərzində hər hansı bir inkişafa nail olması üçün heç bir şərait yaradılmayan Cənubi Azərbaycan əhalisi savadlılıq dərəcəsinə görə də çox geridə idi. Savadsız insanlar isə fars dilini bilmirdilər və bütün qadağalara baxmayaraq, öz dillərində danışırdılar. Nəticədə, onların övladları da bu dili öyrənirdilər. Bu da Azərbaycan dilinin qorunub yaşadılmasına real şərait yaradırdı. Digər tərəfdən, yaranan milli ədəbiyyat, mətbuat nümunələri dilimizin inkişafına və yayılmasına təkan verirdi. Məhəmmədhüseyn Şəhriyarın, bütövlükdə, yaradıcılığı və 1954-cü ildə qələmə aldığı “Heydərbabaya salam” poeması güneydə milli şüurun oyanmasında, dirçəlməsində xüsusi bir mərhələ hesab oluna bilər. 1960-cı illərdən etibarən burada Azərbaycan dilində əsərlər çap olunmağa başladı. 
    1979-cu ildə İran İslam İnqilabı başa çatdıqdan sonra yenidən milli hüquqlar uğrunda mübarizə başladı. Bu mübarizənin əsas hərəkətverici qüvvələrindən biri də inqilabdan sonra Şimali Azərbaycandan öz yerlərinə qayıtmış cənublu ziyalılar idi. Bu zaman referendum yolu ilə qəbul edilmiş konstitusiyada yenə də insanlara milli dildə təhsil hüququ tam verilmir, yalnız ana dilinin fars dili ilə yanaşı, öyrədilməsi nəzərdə tutulurdu. Bütün dövlət yazışmaları fars dilində aparılırdı. Əslində, konstitusiyada öz əksini tapan bu müddəalar yalnız kağız üzərində idi. Azərbaycan dilinə yenə də göstərilən hüquqlar verilmədi və ana dilinin tədrisi mümkün olmadı. Yalnız mətbuatda Azərbaycan dilindən çox az istifadəni görmək mümkün idi. 
    Artıq İran molla rejimi apardığı dil siyasətinin iflasa uğradığını görürdü. Ona görə də öz məqsədinə zorla nail ola bilməyəcəyini anlayaraq fars dilini əhali arasında dinc yolla yaymağa cəhd edir, Cənubi Azərbaycan ərazisində pulsuz bağça və məktəblər açmaqla öz dillərini təbliğ etməyə, öyrətməyə çalışırdılar.
    Azərbaycanda sovet hakimiyyəti dağıldıqdan və müstəqillik əldə edildikdən sonra İranda da milli məsələlər yenidən gündəmə gəldi. Həm Şimali Azərbaycanla, həm Türkiyə ilə olan əlaqələr bu məsələlərin aktuallaşmasını şərtləndirdi. Bundan sonra ana dilindən istifadə hüququ tələbi gücləndi. Lakin bu məsələyə milli təhlükəsizlik məsələsi kimi baxılır, müxtəlif məclislərdə Azərbaycan dilindən istifadə yolverilməz hesab edilirdi. Azərbaycanın regionda güclənməsi İranın molla rejiminin maraqlarına heç cür cavab vermirdi. Məhz buna görə də İran Qarabağ konflikti və postmüharibə dövrlərində Ermənistana yardım etməyi, açıq dəstək verməyi Azərbaycanı zəiflətmək yolu kimi görsə də, Azərbaycan artıq dünya miqyasında öz sözünü qətiyyətlə deməyi bacaran, öz müqəddəratını həll edə bilən güclü bir ölkədir. Ona görə də molla rejiminin bu həmlələri onun regiondakı nüfuzuna zərbə vurmaqdan başqa heç bir işə yaramır.  
    Təəssüf ki, bütün bu dövrlərdə azərbaycanlılar arasında vahid, güclü təşkilatlanma olmadığı üçün onların dil uğrunda mübarizəsi də tam olaraq öz həllini tapa bilmirdi. Buna baxmayaraq, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə Azərbaycan dili bütün dövrlərdə hakim mövqedə dayanmışdır və dayanmaqdadır. Burada yaşayan soydaşlarımız öz milli kimliklərinə, ana dillərinə qəlbən çox möhkəm tellərlə bağlıdırlar. Ümidvarıq ki, öz əli ilə özünü məhvə sürükləməkdə olan İranın molla rejiminin artıq tarixə qovuşmasına çox qalmayıb. Bu hadisələrin fonunda burada yaşayan soydaşlarımız da tezliklə öz haqq və hüquqlarına qovuşacaqlar. 

Nuray ƏLİYEVA
filologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 28.07.2023 21:07