AZ EN RU

Amerikan Riyaziyyat Olimpiadasının qalibləri mükafatlandırılıb

    Fevralın 21-də Amerikan Riyaziyyat Olimpiadasının qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub. 
    Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə keçirilən tədbirdə olimpiada və müasbiqələrin qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib.
     Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. Qeyd edilib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyə yiyələnməklə yanaşı buraxılış və qəbul imtahanlarında da yüksək nəticələr göstərirlər. Bildirilib ki, şagirdlərin istedadlarının üzə çıxarılmasında, fənlərə olan marağını artırmaq məqsədilə  bir sıra müsabiqə fənn olimpiadaları keçirilib, ümumilikdə, muxtar respublika üzrə 1942 şagird iştirak edib, 172 şagird qalib olub. 
    Diqqətə çatdırılıb ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli də SASMO beynəlxalq riyaziyyat olimpiadasında 3-cü yerə, SIMOC beynəlxalq riyaziyyat olimpiadasından fəxri fərmana, SINGA beynəlxalq riyaziyyat olimpiadasından 3-cü yerə layiq görülüb. 2022-ci ilin dekabr ayında Azərbaycanı Sinqapurda təmsil edib və keçirilən Yeniyetmələrin Beynəlxalq Riyaziyyat Olimpiadasında 3-cü yerin qalibi olub. 
    Təhsil naziri müsabiqə və olimpiadalarda uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
    Tədbirdə Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov çıxış edərək olimpiadanın əhəmiyyəti və təşkilarti işlər barədə məlumat verib.
    Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Turabəxanım Şamilli şagirdlər üçün yaradılan müasir tədris şəraitinə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
    Tədbirdə medal və sertifikatlar şagirdlərə təqdim olunub.
    Qeyd edək ki, II-XI siniflər üzrə keçirilən Amerikan Riyaziyyat Olimpiadasında şagirdlərdən 18-i I, 25-i II, 59-u III yerin, VII-XI siniflər üzrə keçirilən Amerikan Riyaziyyat Müsabiqəsində isə şagirdlərdən 3-ü I, 2-si II, 7-i isə III yerin qalibi olub.
    Tədbirdə 2022-ci ildə Sinqapurda keçirilən “STEAM AHEAD” Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Hafiz Bəylərliyə də medal və sertifikatlar təqdim olunub. 

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 21.02.2023 19:10