AZ EN RU

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan bildirilib ki, iclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib.

İclasda Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomenologiya - yeni fəlsəfi yanaşma və gələcəyə baxış” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzənin olduqca aktual olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, burada bir tərəfdən Şərq və Qərb düşüncələrinin sintezi, qədim və müasir dövrlərin vacib ideyalarının yeni interpretasiyası, digər tərəfdən, fəlsəfə və elmin qarşılıqlı müqayisəsi yer alır. Akademik İsa Həbibbəyli bildirib ki, son 100 ildə Azərbaycanda materialist fəlsəfə hakim olsa da, müəllif ideyasını dərindən mənimsəyərək onun uğrunda mübarizə aparır və ölkəmizin müasir müstəqilliyi dövründə yaranan birinci idealist fəlsəfi yanaşmanı ortaya qoyur. Qeyd edib ki, alim, eyni zamanda, idealist fəlsəfə ilə materialist fəlsəfə arasında bir körpü də axtarır.

Çıxışlardan sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən məruzə qəbul edilib və müəyyən tapşırıqlar verilib.

İclasda müzakirə olunan növbəti məsələ “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında olub. AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev konfransa hazırlıq barədə məlumat verib.

Ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatların, onların nailiyyətlərinin öyrənilməsi və mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələrin tanıdılması məqsədilə AMEA-nın təşkilatçılığı ilə iyulun 17-18-də “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi qərara alınıb və konfransın təşkili ilə əlaqədar komissiya yaradılıb.

İclasda, həmçinin Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin və Qarabağın qeyri-maddi mədəni irsinin - əlyazmalarının transliterasiya və tərcümə edilməsi, sistemləşdirilməsi, nəşri, tədqiqi və təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin yaradılması barədə qərar qəbul edilib.

Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodik Şuranın tərkibində dəyişiklik edilməsi, eləcə də akademik Maqsud Əliyevin 100, akademik Validə Tutayuqun 110 illik yubileylərinin qeyd edilməsi haqqında qərarlar qəbul olunub.

Sonda çıxış edən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən yüksək dövrünü yaşadığını, AMEA-da dövlətimizin prioritet istiqamətlərinə uyğun tədqiqatların aparıldığını söyləyib, yeniləşən akademiya uğrunda əməli tədbirlərin və islahatların bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Nəşr edilib : 11.06.2024 17:45