AZ EN RU

AMEA Rəyasət Heyətinin iclası keçirilib

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunub. Həmçinin 27 Mart – Elm Günü münasibətilə akademiyanın bir qrup əməkdaşına Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, eləcə də AMEA-nın fəxri fərmanları, “İstinadda rekord” diplomları, AMEA-nın fəxri diplomları, AMEA-nın təşəkkürnamələri və AMEA-nın “İlin gənc alimi” diplomları təqdim olunub.
Akademik İsa Həbibbəyli AMEA-nın çoxminlik kollektivi adından alimləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etdiyi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Daha sonra akademik İsa Həbibbəylinin “AMEA-da çoxcildli nəşrlər: mövcud ənənə və müasirlik” mövzusunda məruzəsi dinlənilib.
Akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuş AMEA-da son bir ildə çoxşaxəli islahatlar həyata keçirilməkdədir. Bu islahatlar elmi infrastrukturun modernləşdirilməsi, struktur dəyişiklikləri, elmi prioritetlərin ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələblərinə, o cümlədən müasir dünyanın elmi-texnoloji çağırışlarına uyğunlaşdırılması, çevik və innovativ modellərin, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi ilə elmi idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır. Həmçinin elektron elmin inkişafı, beynəlxalq elmi mühitə, nüfuzlu elmi qurumlara və bazalara inteqrasiyanın sürətləndirilməsi, türk dövlətlərinin elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi fəaliyyətin yeni elmmetrik meyarlar əsasında qiymətləndirilməsi və stimullaşdırılması, yüksəkixtisaslı kadr hazırlığına beynəlxalq təcrübənin tətbiqi, elmin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və s. istiqamətləri əhatə edir.
AMEA rəhbəri qeyd edib ki, akademiyada həyata keçirilən islahatlar sırasında elmin informasiya təminatının gücləndirilməsi, bu məqsədlə elmi nəşr işinin məzmun və poliqrafik baxımdan müasir tələblər səviyyəsinə yüksəldilməsi əsas istiqamətlərdən birini təşkil edir: “Elmi nəşrlərin hazırlanması həm Azərbaycan elminin dünya elminə inteqrasiyası, həm də Azərbaycanın qədim və zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişaf səviyyəsi və potensialı haqqında əsaslandırılmış məlumatların dünyaya çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir. Digər tərəfdən, hər bir elmi nəşr onu hazırlayan elmi müəssisənin dövlət və cəmiyyət qarşısında hesabatıdır və həmin müəssisənin elmi kadr potensialını, elmi tədqiqatlarının səviyyəsini əks etdirir. Akademiya təsis edildiyi vaxtdan onun çoxsaylı elmi və elmi-populyar nəşrləri - monoqrafiyalar, elmi məcmuələr, lüğətlər, klassiklərin çoxcildlik əsərləri, toplular, elmi-kütləvi kitabçalar, soraq kitabçaları, biblioqrafik ədəbiyyat və s. xalqımızın elmi potensialının təbliğində, onun geniş oxucu kütləsinə çatdırılmasında, son nəticədə xalqımızın mədəni-mənəvi və intellektual inkişafında olduqca mühüm rol oynayıb və bu proses uğurla davam edir”.
AMEA rəhbəri bildirib ki, son illər dövlətin elm qarşısında qoyduğu yeni vəzifələr, müasir dünyanın çağırışları, İKT-nin sürətli inkişafı, bununla əlaqədar dünyada nəşriyyat işi sahəsində, xüsusilə elmi nəşrlərin hazırlanması və yayımında baş verən yeniliklər bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinə böyük zərurət yaradıb.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-nın elmi müəssisələrində müxtəlif elmi məsələlərə həsr olunmuş və ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələblərinə və müasir dünyanın çağırışlarına uyğun olaraq hazırlanmış çoxcildli nəşrlər istər elmin informasiya təminatının gücləndirilməsi, istərsə də elmin populyarlaşdırılması baxımından daha əhəmiyyətlidir: “Ona görə də AMEA-nın elmi müəssisələrində Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti - Azərbaycan xalqının etnogenezisi, arxeologiyası, etnoqrafiyası, dili, folkloru, ədəbiyyatı, maddi və qeyri-maddi mədəni abidələri, qədim əlyazmaları, incəsənəti, milli-memarlıq üzrə elmi məktəbləri haqqında, eyni zamanda, yeni tələblərə uyğun olaraq yeni milli ideyanın müəyyənləşdirilməsi, yeni dövrləşdirilmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixinin yazılması və müstəqillik dövrü Azərbaycan tarixinin hazırlanması, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, fəlsəfə, sosiologiya, politologiya, psixologiya, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində tədqiqatların aparılması ilə bağlı çoxcildli fundamental kitab və monoqrafiyaların hazırlanması müasir mərhələdə elmin əsas prioritet istiqamətləri olaraq müəyyənləşdirilib”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd olunanları nəzərə alaraq və AMEA, onun Rəyasət Heyəti, elmi bölmələri, elmi müəssisə və təşkilatları adından istifadə edilməklə hazırlanan, çoxaldılan, kağız üzərində, internet məkanında və ya elektron daşıyıcılarda yayılan çoxcildli elmi və elmi-populyar nəşrlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərarlar qəbul olunub.
Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” və “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransların keçirilməsi haqqında qərarlar qəbul edilib. Bundan əlavə, AMEA-nın Rəyasət Heyəti aparatının Sosial xidmətlər şöbəsinin Əsasnaməsinin təsdiq edilməsi, akademik Şirəli Məmmədovun 120 illik yubileyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərarlar verilib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev isə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi vəzifəsinə təsdiqləniblər.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, İbrahim Quliyev, Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Nəşr edilib : 04.04.2024 11:14