AZ EN RU

AMEA-nın Rəyasət Heyəti akademiyanın yeni loqotipinin hazırlanması üçün müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inkişafının hazırkı yeniləşmə mərhələsi müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması zərurətini yaradıb.

Bunu nəzərə alaraq AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında Akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan edilməsi ilə əlaqədar qərar qəbul edilib.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməlidir;

- AMEA-nın emblemində akademiya ilə bağlı tarixi binaların, qurğuların və digər əlamətlərin simvolik təsvirlərindən istifadə etməklə bu emblemin Azərbaycan Milli Elmlər Akademiyasına aid olduğu öz əksini tapmalıdır;

- AMEA-nın yeni embleminin təqdim olunan layihəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözlərinin yazılmasına ehtiyac yoxdur. Zəruri halda bu məqsədlə “AMEA” formatından istifadə edilə bilər;

- AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir;

- Təqdim edilən emblem – loqotipin eni 30 sm, uzunluğu 42 sm həcmində olmalıdır;

- Müsabiqədə yalnız akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər;

- AMEA embleminin layihələri müsabiqə komissiyasının və ictimaiyyətin baxması məqsədilə təşkil ediləcək sərgidə nümayiş etdirmək üçün malbertin üzərində qoyulmaqla təqdim olunmalıdır;

- Təqdim edilmiş emblemlərin layihələrinin üzərində və ya arxasında müəlliflərin adı və soyadı qeyd edilməməlidir;

- Təqdim olunan loqotip dizaynının məntiqi izahı, forması, ölçüsü, rəngi, hərf seçimi və s. ilə bağlı əlavə məlumatlar da təqdim edilməlidir
- - Müsabiqə Komissiyası tərəfindən təqdim edilən loqotipin - emblemin dizaynına müəyyən yekun dəyişikliklər edilə bilər;

Qalib işin müəllifi pul mükafatı ilə təltif ediləcək, ona müvafiq sertifikat veriləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər martın 18-dək layihələrini təqdim edə bilərlər

Nəşr edilib : 12.03.2024 17:38