AZ EN RU

AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub

    AMEA Naxçıvan Bölməsində yeni nəşr olunmuş “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabının təqdimatı keçirilib. 
    Təqdimat mərasimini giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə Əlyazmalar Fondunun ümumi fəaliyyətinə nəzər salıb, fond əməkdaşlarının son illər çap olunmuş əsərlərini diqqətə çatdırıb. Fondun səmərəli fəaliyyətindən söz açan bölmə rəhbəri qeyd edib ki, kitabdakı “Əlyazmalar Fondunun yaranması və inkişaf yolu” adlı ön sözdə qurumun ümumi fəaliyyəti ilə tanış olmaq, görülən işlər barədə geniş məlumat almaq mümkündür. Kitabı ümumi təhlil edən İsmayıl Hacıyev çıxışının sonunda müəllifləri ərsəyə gətirdikləri yeni kitab münasibətilə təbrik edib.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aygün Orucova tədbirdə “Əlyazmalar Fonduna həsr olunan dəyərli əsər” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, layihənin müəllifi filologiya elmləri doktoru Fərman Xəlilov, nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçisi professor Hacıfəxrəddin Səfərli, müəllifləri isə Əlyazmalar Fondunun əməkdaşlarından Fərman Xəlilov, Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kübra Vəliyevadır.
    Üç bölmədən ibarət kitabın ilk bölməsi “Naxçıvan əlyazma və çap materiallarında” adlanır. Burada Məhəmməd Tağı Sidqinin “Dilimiz və məktəbimiz” adlı məktubu, ­ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri, Seyid Səbrinin 1926-cı ildə “Şərq qapısı”qəzetində dərc olunmuş “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsi,  Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolu, mühafizə olunan qədim əlyazma, çap kitabları, bəzi mənbələrdə Naxçıvanla bağlı materiallar və başqa məlumatlar yer alıb. 
    Kitabın digər iki bölməsində isə fond əməkdaşlarının nəşr olunmuş monoqrafiya və kitabları, elmi məqalə, eləcə də konfrans materiallarının dərc olunduğu mənbələr diqqətə çatdırılır, fondda mühafizə olunan əlyazma və çap kitabları ilə bağlı tədqiqatlardan söz açılır.
    Sonda kitabla bağlı fikirlərini ümumiləşdirən alim vurğulayıb ki, “Naxçıvanın əlyazmalar xəzinəsi” maraqlı tədqiqat əsəri olmaqla yanaşı, həm də Naxçıvan əlyazmaları ilə bağlı elmi araşdırmalara istiqamət verir.
    AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbirdə çıxış edərək “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı haqqında fikirlərini bölüşüb, əlyazma mətnlərini öyrənməyin məsuliyyətindən və tələb etdiyi zəhmətdən söz açıb.
     Yeni kitabın ensiklopedik xarakter daşıdığını qeyd edən professor müəlliflərin işini yüksək qiymətləndirib, kitabda qeyd olunan bəzi toponimləri təhlilə cəlb edib, əlyazmalarda əksini tapan türk mənşəli yer adlarından, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətindən danışıb. 
    Sonda müəlliflər adından çıxış edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov minnətdarlıq edib, mövzu ilə bağlı sualları cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 18:42