AZ EN RU

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsi qurbanları anılıb

AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev açıb. Professor çıxışı zamanı milli iradəmizin sarsılmazlıq simvoluna çevrilmiş qanlı 20 Yanvar hadisəsinin törədilməsi ilə bağlı versiyaları və real faktları diqqətə çatdırıb, o vaxtkı ölkə rəhbərliyinin yarıtmaz fəaliyyətindən danışıb.

 Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “20 Yanvar – tariximizin qəhrəmanlıq səhifəsidir”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Azərbaycan ədəbiyyatında 20 Yanvar mövzusu” adlı məruzələr ediblər.

 Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış ediblər. Çıxışlarda 20 Yanvar ərəfəsində Naxçıvanda baş verən hadisələrdən, çətin ictimai-siyasi vəziyyət fonunda Naxçıvan əhalisinin nümayiş etdirdiyi mübarizlikdən bəhs olunub. 

Sonda professor Vəli Baxşəliyev konfransa yekun vurub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 19.01.2024 22:22