AZ EN RU

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvanda amazon qəbirlərinin tapılması barədə xəbərlərə münasibət bildirib

Son vaxtlar beynəlxalq kütləvi informasiya vasitələrində Naxçıvanda amazon qəbirlərinin tapılması haqqında məlumatlar yayılmışdır. 28 mart 2024-cü ildə İlyas Şəfiyevin adından verilən internet məlumatlarında bu mövzudan bəhs edilmişdir. Onun verdiyi məlumata görə, Naxçıvanda Britaniya arxeoloqu Bettani Hyuzun rəhbərliyi ilə aparılan qazıntılarda təhlükəli qadın döyüşçülərin – amazonların qəbirləri tapılmışdır. Bu məlumatın ardınca avstraliyalı arxeoloq, professor Hillari Qopnik bizə müraciət edərək onların ölkəsində Naxçıvan amazonları ilə bağlı məlumatların yayıldığını söyləmişdir. Qeyd edim ki, Azərbaycanın da müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri bu məlumatla bağlı bizə müraciət etmişdir. Ona görə bu məsələyə bir qədər aydınlıq gətirmək istəyirik. Hər şeydən əvvəl, qeyd etmək istəyirik ki, Britaniya arxeoloqu Bettani Hyuz heç vaxt Naxçıvanda arxeoloji qazıntılara rəhbərlik etməyib. Bu qadın arxeoloq, sadəcə, Xaraba Gilan arxeoloji ekspedisiyasında iştirak edib. Qazıntılara isə arxeoloq, dosent Bəhlul İbrahimli rəhbərlik edib.

Qadın döyüşçülərə gəldikdə isə qeyd etmək istəyirik ki, Naxçıvanda qadın döyüşçü qəbirləri tapılmışdır. Qadın döyüşçülərin qəbirləri ilk dəfə 1926-cı ildə rus alimi, professor İ.İ.Meşşaninovun Qızılburunda apardığı qazıntılar zamanı aşkar olunub. Lakin Cənubi Qafqazın digər yerlərində belə tapıntılar əldə edilmədiyindən bu fikirlər elmi ictimaiyyət arasında təsdiqini tapmamışdır. Ancaq Bəhlul İbrahimlinin Ordubad rayonunda Xaraba Gilanda II Plovdağ nekropolunda apardığı araşdırmalar zamanı qadın döyüşçülərə aid qəbirlər aşkar olunmuşdur. Burada 6 və 12-ci qəbirlərdə əlində ox qabı, 13 ox və obsidian bıçaq tutan qadın skeletləri aşkar olunmuşdur. Şərur rayonunda Dizə və Oğlanqala kəndləri yaxınlığında yerləşən Qızqala nekropolunda beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının tədqiqatları zamanı da CR7 nömrəli kurqandan qadın döyüşçülərə aid skelet qalıqları aşkar olunub. Qızqala kurqanlarından obsidian ox ucluqları ilə bərabər tunc xəncər və nizə ucları da tapılmışdır. Qadın döyüşçü qəbirləri skif və sarmat tayfalarına aid abidələrin tədqiq olunması zamanı da aşkar olunmuşdur. Bu faktlar Cənubi Qafqazda, o cümlədən Azərbaycanda  qədim dövrdə qadın döyüşçülərin olduğunu təsdiq edir. Bu faktlar qədim yunan və Roma mənbələrində olan məlumatlardan xeyli qədimdir.

Qədim Roma və yunan mənbələrində verilən məlumatlar yalnız Antik dövrə aiddir. Döyüşçü qadınlar haqqında məlumatlara Homer, Esxil, Herodot, Ksenofont, Siciliyalı Diodor və onlarla digər Antik tarixçilərin əsərlərində məlumat vardır. Ancaq qeyd etmək lazımdır ki, yunanlar Homerin “İliada” əsərinin yazılmasından əvvəl bu məlumatlarla tanış idilər. Məsələ ondadır ki, bu mənbələr qadın döyüşçüləri “amazon”lar adlandırmış və onları əfsanələşdirmiş, onların qeyri-adi döyüşçülər olduğunu yazmışlar. Bəs bu əfsanələr haradan qaynaqlanmışdır? Bildiyiniz kimi, qədim Yunanıstan və Romada qadınlar kişilərlə bərabər hüquqa malik olmamışdır. Müasir Avropa ölkələrində, o cümlədən ABŞ-da qadınlar uzun müddət hüquqsuz olub. Avropada qadınlar 1944-cü ildə, Fransada isə 1952-ci ildə seçki hüququ qazanıb. Avropalılar hər nə qədər Şərq xalqlarını insan hüquqlarına görə tənqid etsə də, Şərqdə qədim dövrlərdə hələ e.ə. III-II minilliklərdə qadınlar kişilərlə bərabər hüquqa malik olub.

Elə buna görə də avropalılar Cənubi Qafqaza hücum edərkən ölmüş əsgərlər arasında qadın döyüşçüləri gördükdə çox təəccüblənmişlər. Qadınlar kişilərlə bərabər öz vətənlərini müdafiə etmək üçün inadla və əzmlə vuruşurdular. Onlar bunları əfsanələşdirmiş, onları amazon adlandırmış, amazonların qeyri-adi gücə sahib olduqlarını yazmışlar. Xocalı-Gədəbəy mədəniyyətində geniş yayılan təbərzin baltaları onlar “amazon baltası” adlandırmışlar. Məşhur yunan qəhrəmanı Heraklın göstərdiyi 12 qəhrəmanlıqdan biri amazon çariçası İppolitanın sehrli qızıl kəmərini almaq olmuşdur. Bununla bağlı müxtəlif əfsanələr var. Herakl bu kəməri Evrisfeyin qızı Admeta üçün ələ keçirməliydi. Bir əfsanəyə görə, amazon hökmdarı İppolita kəməri Herakla bağışlayır. Digər bir əfsanəyə görə isə yunanlarla amazonların savaşında çoxlu amazon həlak olur və kəmər Heraklın əlinə keçir. Əfsanəyə görə Herakl bu kəməri əldə etmək üçün amazonların ölkəsinə – Skif torpaqlarına yola düşmüşdü.

Başqa bir əfsanəyə görə Pentazilea adlı bir amazon hökmdarı yunanlılara qarşı mübarizədə troyalıların köməyinə gəlmiş, amma yunan qəhrəmanı Axilles tərəfindən öldü­rülmüşdü. Ölümündən sonra onun dəbilqəsini çıxaran Axilles bu qızın gözəlliyinə heyran olmuşdu.

Qeyd edək ki, qədim yunan mənbələrində skiflər, albanlar və digər tayfalar da amazon adlandırılmışdır. Bu təsadüfi olmamışdır. Belə ki, Urartu dövləti ilə heç bir Şərq dövlətinin baş edə bilmədiyi bir vaxtda skiflər Urartunun bir başından girərək o biri başından çıxmış, bu dövləti güclü sarsıntıya salmışlar. Bu yürüşlərin nəticəsində Urartu tənəzzül etmişdir. Qədim alban tayfaları da işğalçılara güclü müqavimət göstərmişdir. Bu tayfalardan biri də Naxçıvanda da məskunlaşan etiunilər idi. Buna görə də urartular Naxçıvanı və Albaniyanın qərb torpaqlarını ələ keçirə bilməmişlər.

Yunan və Roma əfsanələrində qadınların kişilərdən ayrı yaşayan bir qəbilə olduğu da deyilmişdir. Lakin arxeoloji faktlar bunu təsdiq etmir. Qəbir abidələrinin tədqiqi göstərir ki, qadınlar kişilərlə bərabər dəfn edilmişdir. Araşdırmalar və ölkəmizin tarixi abidələri təsdiq edir ki, qadınlar həm qədim dövrdə, həm də Orta əsrlərdə cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında fəal iştirak etmişdir.

Bu əfsanələrin yaranmasının səbəbi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan tayfaların işğalçılara güclü müqavimət göstərməsi və öz Vətənlərini müdafiə etməsi olmuşdur. Amma, çox təəssüf ki, sovet dövründə bir çox tarixi faktlar saxtalaşdırılmış, ölkəmizin tarixi ilə bağlı yanlış məlumatlar yayılmışdır.

Əziz oxucular, mənbələrin amazonlar haqqında verdikləri məlumatların hamısını kiçik bir məqalədə əhatə etmək mümkün deyil. Bu məsələ ilə bağlı böyük tədqiqat əsərləri vardır. Lakin qeyd etməliyik ki, amazonlar əfsanəsi ölkəmizin sakinləri haqqında söylənən yeganə əfsanə deyil. Ulu əcdadlarımız xarici hücumlardan qorunmaq üçün nəinki cəsarətlə vuruşmuş, həmçinin müasir baxımdan qeyri-adi görünən müdafiə qalaları inşa etmişlər. Məsələn, Şərur rayonunun Oğlanqala kəndi yaxınlığındakı qalanın divarları bir neçə ton ağırlığı olan yonulmuş daşlardan inşa olunub. Bu tip tikintilər Azərbaycanda qeyri-adi gücə sahib insanların – təpəgözlərin yaşaması ilə də bağlı əfsanələrin yaranmasına səbəb olmuşdur. Belə hesab edirik ki, qədim abidələrimizin gələcəkdə araşdırılması Avropa mənbələrində əfsanələşən ulu əcdadlarımızın tarixini daha dərindən öyrənməyə imkan verəcək.

                                            

Nəşr edilib : 08.04.2024 10:55