AZ EN RU

AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub

AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra AMEA Naxçıvan Bölməsinin əsas binasının foyesində bölmənin 20 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətləri əks etdirən sərgiyə baxış olub.                           

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov elmi ictimaiyyəti əlamətdar hadisə münasibətilə təbrik edib, Ali Məclis Sədrinin AMEA Naxçıvan Bölməsinin 20 illik səmərəli fəaliyyəti ilə bağlı Fəxri Fərmanla təltif edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb. Emin Məmmədov Fəxri Fərmanı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov tədbirdə çıxış edərək bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra muxtar diyarımızda elmin sistemli inkişafı, Naxçıvan tarixi ilə bağlı elmi tədqiqatların aparılması zərurətə çevrilmiş məsələlərdən biri idi. Ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalaması ilə muxtar respublikamızın elmi mühiti mərkəzləşmiş, sistemli və davamlı inkişaf  mərhələsinə qədəm qoyub.

Qeyd olunub ki, ulu öndərin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” Qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi ölkəmizdə elmin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün inzibati binalar tikilib və ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilib, laboratoriyalar və iş otaqları ilə təmin olunub. Nəticədə bölmənin yüksəkixtisaslı əməkdaşları tərəfindən Naxçıvanın qədim və müasir dövr tarixi, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, faydalı qazıntıları və digər bu kimi mühüm sahələri tədqiq edilərək öyrənilib və əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılıb. Eyni zamanda ötən illər ərzində muxtar respublikada təşkil olunan beynəlxalq elmi konfranslarda bölmə əməkdaşları yüksək fəallıq göstərib, elmə öz töhfələrini veriblər. Ölkə və beynəlxalq miqyaslı mötəbər tədbirlərdə alimlərin iştirakı və çıxışları, həmçinin dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq qurumların və jurnalların redaksiya heyətinin üzvü seçilməsi beynəlxalq elmi əlaqələrin inkişafından xəbər verir.

Vurğulanıb ki, dövlət elm siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə Elm, Texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyası yaradılıb.  Ötən dövr ərzində dövlət qayğısı ilə elmi əhəmiyyətli əsərlər və memarlıq layihələrinin xüsusi mükafatlara layiq görlməsi ənənəyə çevrilib. Həmçinin Ali Məclis Sədrinin  2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bu günədək Bilik Fondunun dəstəyi ilə muxtar respublikada çoxlu sayda kitab və jurnallar nəşr edilib. Muxtar respublika rəhbərinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi tərəqqiyə, müasir elmi nəticələrin əldə olunmasına, alimlərin elmi-tədqiqat layihələrinin uğurlu tətbiqinə, gənc alimlərin formalaşmasına, elm və təhsilin inkişafı istiqamətində yeni bir mərhələ təşkil etməyə başlayıb.

 Akademik İsmayıl Hacıyev çıxışında 20 illik inkişaf yoluna geniş nəzər salaraq bildirib ki, bölmə fəaliyyəti dövründə 20-dən çox elm və təhsil mərkəzləri, o cümlədən ABŞ, Fransa, Türkiyə, Polşa, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və başqa ölkələrin elm və təhsil mərkəzləri ilə sıx elmi əlaqələr qurub. AMEA Naxçıvan Bölməsinin səmərəli elmi fəaliyyəti ölkə rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim yüksək qiymətləndirilib. Əməkdaşlardan “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, “Əməkdar elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar jurnalist” fəxri adlarına, Prezident mükafatına, fərdi təqaüdünə layiq görülənlər olub, bir neçə əməkdaş Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Bir neçə əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Qızıl medal”ına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA-nın Fəxri fərmanları, “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif ediliblər. “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası Naxçıvan Muxtar Respublikası mükafatına, “Tarixi mənbələrdə Nuh peyğəmbər”, “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabları Ali Məclis Sədrinin mükafatına layiq görülüb. Əməkdaşlardan xarici ölkələrin elmi qurumlarının professoru, nüfuzlu jurnalların redaksiya heyətlərinin üzvləri seçilib, qızıl medallara və diplomlara layiq görülüblər.

Akademik vurğulayıb ki, Azərbaycan elmi və təhsili bütün dövrlərdə dövlətimizin diqqətində olub. Prezident cənab İlham Əliyev mütəmadi olaraq bu sahələrin inkişafı ilə bağlı mühüm tarixi qərarlar verib. Zamanın çağırışlarına uyğun olaraq Azərbaycan dövləti də elm və təhsilin inkişafına mühüm prioritetlərdən biri kimi yanaşır. Ölkəmizdə son illərdə elm sahəsində müəyyən problemlər yarandığından Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatlarının aparılması vacib idi. Buna müvafiq olaraq dövlət başçısı 2022-ci il iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləş­dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda nəzərdə tutulan struktur islahatları AMEA-nın elm və istehsalat qurumlarının işinin tənzimlənməsinə xidmət edəcək, elmi fəaliyyət sahəsində əlaqələndirmə, koordinasiya və qiymətləndirmənin gerçəkləşdirilməsinə nail olunacaq, struktur və idarəetmə baxımından əsaslı təkmilləşdirmə işləri aparılacaq. Bu islahatlar əsasında AMEA Naxçıvan Bölməsi qarşıya qoyulan vəzifələrin bundan sonra daha dəqiq icrasına, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblərə cavab verə biləcək səviyyədə aparılmasına çalışacaq. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışının sonunda elmin inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədri cənab Vasif Talıbova elmi ictimaiyyət adından minnətdarlığını bidirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə onlayn qoşularaq Naxçıvanın elmi ictimaiyyətini əlamətdar hadisə münasibətilə təbrik edib, bölmənin keçdiyi inkişaf yoluna nəzər salıb. Akademik qeyd edib ki, bölmənin yaradılması Azərbaycan elminin inkişafında mühüm əhəmiyyətə malik olan xüsusi bir hadisədir. Bölmə ölkəmizin ayrılmaz parçası olan Naxçıvan diyarının bütün yönləri, istiqamətləri ilə tədqiq olunub öyrənilməsi, ümumiləşdirib mühüm nəticələr çıxarılması və bu nəticələrin həm ölkə, həm də dünya elmi ictimaiyyətinə təqdim olunması sahəsində çox uğurlu iş aparır. Naxçıvan Bölməsi elmin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhrələnərək 20 il ərzində sözün əsl mənasında muxtar respublikada Azərbaycan elminin Naxçıvan məktəbini formalaşdırıb. Böyük ənənələrə dayanıb müasir dövrün reallıqlarına əsaslanan bölmə bu gün Azərbaycan elminə sanballı, əhəmiyyətli töhfələr verməkdə davam edir. Bölmənin ədəbiyyat və incəsənət, dilçilik, təbiət elmləri, astrofizika və digər sahələrdə əldə etdiyi nailiyyətlər ölkəmizin bu elmi istiqamətlərdə qazandığı uğurlar səviyyəsində dayanır, Azərbaycan elminin zənginləşməsinə və inkişaf etdirilməsinə əlavə dəyərlər, nəticələr daxil edir. Bu mənada AMEA-nın Naxçıvan Bölməsi ölkəmizdəki mühüm, əsas elmi mərkəzlərdən biri kimi böyük nüfuzu qazanıb.

Akademik İsa Həbibbəyli çıxışında AMEA Naxçıvan Bölməsinin müxtəlif istiqamətlər üzrə qazandığı uğurlara nəzər salıb, muxtar respublikada dövlət qayğısı sayəsində tarixi məkanların, abidələrin, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin dərindən araşdırılması, bununla bağlı müxtəlif monoqrafiyaların, nəşrlərin hazırlanmasını elmin inkişafında mühüm addım kimi dəyərləndirib, bölmənin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov AMEA Naxçıvan Bölıməsi kollektivini əlamətdar gün münasibətilə təbrik edib. Təhsil naziri çıxışında bölmə ilə ümumtəhsil müəssisələrinin qarşılıqlı fəaliyyətindən bəhs edərək bildirib ki, Ali Məclis Sədrinin Sərəncamına əsasən bölmənin, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi olan əmək­daş­ları­nın muxtar respubli­kanın ümum­təhsil məktəblərin­dəki nümunəvi dərslərdə iştira­kı reallaşdırılıb, 2021-2022-ci tədris ilində 320 saat nümunəvi dərs keçilib. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhə­rinin ümumtəhsil mək­təb­lərinin şagirdləri bölmə alimləri tərəfindən tədqiqatlara cəlb edilib və uğur­lu nəticələr əldə olunub. Ümumilikdə, bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə muxtar respublika üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov çıxış edərək bölmənin fəaliyyəti dövründə qazanılan elmi nailiyyətlərdən söhbət açıblar.

Sonra AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşı çoxillik səmərəli fəaliyyyətinə görə fəxri fərmanla təltif edilib, bölmənin yaradılmasının 20 illiyindən bəhs edən filmə baxış olub.

Nail ƏSGƏROV

Nəşr edilib : 07.08.2022 11:04