AZ EN RU

AMEA Naxçıvan Bölməsinin iyul iclasında Sankt-Peterburqdan gətirilən arxiv sənədləri müzakirə edilib

AMEA Naxçıvan Bölməsinin iyul iclasında Sankt-Peterburqdan gətirilən arxiv sənədləri müzakirə edilib
15 iyul tarixdə AMEA Naxçıvan Bölməsinin növbəti iclası keçirilib.  İclasda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun 2024-cü il 1-22 iyun tarixlərdə Sankt-Peterburqda arxiv materiallarının toplanması üçün apardıqları tədqiqatlarla bağlı hesabatları dinlənilərək nəticələri müzakirə olunub.

İclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq arxiv sənədlərinin tarixi faktların dəqiqləşdirilməsindəki önəmindən və arxivlərdə işləməyin vacibliyindən bəhs edib. Akademik əldə olunan sənədlərin tədqiqatçılar üçün böyük bir mənbə olacağını və gələcək araşdırmalar üçün geniş imkanlar yaradacağını vurğulayıb. 
Ezamiyyə dövründə alimlərimiz Sankt-Peterburq Mərkəzi Dövlət Arxivi və Rusiya Dövlət Tarix Arxivinin 42 fondunda olan XIX-XX əsrlər Naxçıvan tarixinə aid 2500 səhifədən artıq material əldə etmiş və Naxçıvana gətirmişlər. Bu sənədlər XIX-XX əsrlər Naxçıvanın tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı və əlaqələri ilə bağlıdır.
İclasda qeyd olunub ki, bu sənədlərin tam dəqiq və ciddi araşdırılması üçün zamana və aid mütəxəssislərə ehtiyac vardır. Gətirilən sənədlər həm AMEA Naxçıvan Bölməsi əməkdaşları, həm də Naxçıvan Dövlət Arxiv İdarəsinə elektron formada təqdim ediləcəkdir. Bu, Azərbaycanın istənilən bölgəsindən olan və XIX-XX əsrlər Naxçıvan tarixi ilə bağlı araşdırma aparan tədqiqatçılar üçün böyük bir imkan yaradacaqdır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 15.07.2024 18:41