AZ EN RU

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının ötən il 48 əsəri xaricdə nəşr olunub

AMEA Rəyasət Heyətinin Humanitar Elmlər Bölməsinin və Naxçıvan Bölməsinin 2023-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı bölmənin sədri akademik İsmayıl Hacıyev təqdim edib. Qeyd olunub ki, AMEA-nın Naxçıvan Bölməsində elmi-tədqiqat işləri 1 akademik, 3 AMEA-nın müxbir üzvü, 3 elmlər doktoru, 19 fəlsəfə doktoru, 8 dissertant olmaqla 34 elmi işçi tərəfindən aparılıb. Üç istiqamət, 3 problemi əhatə edən 3 mövzu üzrə 17 iş 34 mərhələdə yerinə yetirilib, 2 mühüm nəticə əldə olunub. İl ərzində Naxçıvan Bölməsində 1 respublika konfransı, 30 bölmə səviyyəli elmi konfrans və tədbir, 12 kitab və monoqrafiyanın təqdimatı, habelə institutların Elmi şuralarında 18 iclas, tədqiqatlara dair 17 seminar keçirilib.

2023-cü ildə bölmənin 34 əməkdaşının 12 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 188 elmi məqaləsi, 93 konfrans materialı və 5 tezisi olmaqla 307 elmi əsəri nəşr edilib. Əsərlərdən 48-i xaricdə nəşr olunub, 190-ı beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Məqalələrdən 3-ü “Scopus” bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc olunub. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 733 istinad qeydə alınıb.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Taleyi və sənəti” seriyası üzrə “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı məqalələr toplusu, “Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının ikicildlik materialları və “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının materialları çap edilib. Bundan əlavə, 2023-cü ildə beynəlxalq əməkdaşlıq məsələsi diqqətdə saxlanılıb, bölmə alimləri ABŞ, Polşa, Türkiyə, Rusiya və s. ölkələrin elm, təhsil müəssisələri və alimləri ilə sıx elmi əlaqələrdə оlub, səmərəli əməkdaşlıq ediblər. Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası uğurla davam edib, həm beynəlxalq, həm də yerli arxeoloji ekspedisiyalar nəticəsində yeni materiallar əldə olunub.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 19.01.2024 11:55