AZ EN RU

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının ötən il üzrə son sayı çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsi tərəfindən nəşr olunan “Elmi əsərlər” jurnalının 2022-ci il üzrə sonuncu nömrəsi nəşr olunub.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, jurnalın bu sayında kimya, biologiya, fizika, astronomiya və coğrafiya elm sahələri üzrə aparılan araşdırmaların nəticələrini əks etdirən 50-yə yaxın elmi məqalə yer alıb.

Məqalələrdə “Dağlıq ərazilərdə hündür qülləli konstruksiya və qurğulara küləklərin təzyiqi”, “Dolomit filizinin perxlorat turşusu ilə parçalanma şəraitinin öyrənilməsi”, “Dracocephalum thymiflorum – Kəklikotuçiçək ilanbaş (Lamiaceae) Azərbaycan Respublikası florası üçün yenidir”, “Qızmeydan və Torağay palçıq vulkanlarının nadir bitki növlərinin populyasiyaları”, “Naxçıvan Muxtar Respublikasının ixtiofaunasının taksonomik spektri”, “Kosmik optik teleskoplar”, “T buğa ulduzlarının ümumi xarakteristikaları”, “Naxçıvan Muxtar Respublikası landşaftının ekoloji problemi” kimi bir çox mövzulara aydınlıq gətirilib.

Qeyd edək ki, 2005-ci ildə təsis edilən jurnal ildə 4 dəfə nəşr olunur. Jurnalın 2022-ci ildə ikisi xüsusi nömrə olmaqla, ümumilikdə 6 sayı çap edilib.

Nəşr edilib : 12.01.2023 11:06