AZ EN RU

AMEA Naxçıvan Bölməsində yeni təyinatlar olub

    AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub. İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı son hərbi-siyasi qələbədən – 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra qanunsuz erməni silahlı birləşmələrinin təslim olmasından, qondarma rejimin özünü buraxmasından və bölgədəki son vəziyyətdən danışıb.
    Daha sonra akademik iştirakçıları iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış edib.
    Bölmə aparatının Təchizat və xidmət şöbəsinin baş mütəxəssisi İlham Cəfərov çıxış edərək 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verib. Bildirilib ki, bölmənin nəzdindəki inzibati binaların qaz, su, elektrik və istilik sistemlərinə texniki baxış keçirilib, bəzi təmir işləri aparılıb, yarana biləcək nöqsanların qarşısını almaq məqsədilə ehtiyat tədbirləri görülüb.
    İclasda bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin bazasında Beynəlxalq əlaqələr və Elektron xidmətlər şöbələrinin yaradılması, əməkdaşların ali təhsil müəssisələrində yarımştat və saathesabı qaydada işləmələrinin normativləri, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda aparılmış yoxlamaların nəticələri ilə bağlı müzakirə aparılıb, müvafiq qərarlar qəbul olunub.
    Rəyasət Heyəti, həmçinin gənc doktorant və dissertantların hesabatlarını dinləyib, onlara bəzi tövsiyələr verib.
    İclasın növbəti hissəsi kadr məsələlərini əhatə edib. Belə ki, Rəyasət Heyətinin qərarına əsasən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna icraçı direktor, İlham Cəfərov isə Təchizat və xidmət şöbəsinə müdir təyin edilib, bir nəfər Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda işlə təmin olunub.
    İclasa gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra yekun vurulub.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 29.09.2023 18:47