AZ EN RU

AMEA Naxçıvan Bölməsində “Elm günü” qeyd edilib

    Dünən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin böyük akt zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  açıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi Azərbaycan Respublikasında elmin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib.   
    Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalaması ilə muxtar respublikamızın elmi mühiti mərkəzləşmiş, sistemli və davamlı inkişaf  mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün binalar tikilmiş və ya əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar və iş otaqları ilə təmin edilmişdir. Nəticədə Bölmənin yüksək ixtisaslı əməkdaşları tərəfindən qədim diyarımızla bağlı elmin mühüm sahələri tədqiq edilərək öyrənilmiş və bu iş bu gün də yüksək fəallıqla davam etdirilir. Əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılır. Eyni zamanda ötən illər ərzində muxtar respublikada təşkil olunmuş beynəlxalq elmi konfranslarda, ölkəmiqyaslı və beynəlxalq aləmdə baş tutmuş mötəbər tədbirlərdə alimlərimizin iştirakı və çıxışları, həmçinin dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq qurumların və jurnalların redaksiya heyətinin üzvü seçilməsi beynəlxalq elmi əlaqələrinin inkişafının mühüm göstəricisidir.
Qeyd edilib ki, dövlət elm siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə “Elm, Texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyası yaradılıb.  Ötən dövr ərzində dövlət qayğısı ilə elmi əhəmiyyətli əsərlər və memarlıq layihələrinin xüsusi mükafatlara layiq görülməsi ənənəyə çevrilib. Həmçinin Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin  2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Fondun əsas fəaliyyətlərindən biri də elmi konfransların, seminarların və dəyirmi masaların keçirilməsi, elmi əhəmiyyətli kitabların nəşri, ümumilikdə, elmi yeniliklərin dəstəklənməsidir. Bugünədək Bilik Fondunun maliyyə dəstəyi ilə yüzlərlə kitab və jurnallar nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elm və təhsilin inkişafı istiqamətinə yeni bir mərhələ təşkil etməyə başlayıb. 
Diqqətə çatdırılıb ki, muxtar respublikanın elm, ali və orta ixtisas təhsili müəssisələrində çalışan yüksək ixtisaslı professor-müəllim heyətinin mövcud elmi potensialından səmərəli istifadə olunması da diqqətdə saxlanılmışdır. Belə ki, ümumtəhsil məktəblərində nümunəvi və interaktiv dərslərin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamına əsasən ali təhsil müəssisələrinin ixtisasları aid təşkilatlara hamiliyə verilməsi gənc nəsildə elmə marağın artması, yaradıcı elmi təfəkkürə malik yeni nəslin formalaşmasına öz müsbət təsirini göstərir.
    Emin Məmmədov çıxışının sonunda əminliyini bildirib ki, muxtar respublikamızın elm adamları bundan sonrakı fəaliyyətlərində də yüksək peşəkarlıq nümayiş etdirərək Azərbaycan, bütövlükdə dünya elminə öz töhfələrini verəcək, bu peşənin layiqli davamçılarının yetişməsinə səbəb olacaqlar.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycanda elmin inkişafı ıulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzaladı. 2003-cü ilin yanvarından fəaliyyətə başlayan bölmədə hazırda 4 ixtisas üzrə 2 Dissertasiya Şurası mövcuddur. İndiyə qədər 125-ə qədər dissertasiyaların müdafiəsi təşkil edilib, bölmədə işçilərin sayı artaraq 253 nəfərə, fəlsəfə doktorları 52 nəfərə, elmlər doktorları 12 nəfərə, doktorant və dissertantlar  45 nəfərə çatdırılıb. Qarşıya qoyulan vəzifələrlə əlaqədar bölmənin tarixçi alimləri onlarla kitab və monoqrafiyalar, ümumiləşdirici əsərlər, xəritələr və elmi məqalələr hazırlayıb, çap etdiriblər. Bölmədə hər il beynəlxalq və respublika, muxtar respublika səviyyəli konfrans və tədbirlər keçirilir. Ötən il bölmənin 37 əməkdaşı xaricdə keçirilən 41, 55 əməkdaşı isə respublikada 14 beynəlxalq konfransda məruzə ediblər. Bölmə əməkdaşlarının 19 il ərzində (2003-2021) 10489 əsəri nəşr olunub. O cümlədən 90 məqalə impaktfaktorlu jurnallarda, 650-yə qədər məqalə beynəlxalq kodlu elmi jurnallarda nəşr edilib. 
    İsmayıl Hacıyev çıxışının sonunda muxtar respublikanın ziyalıları, eləcə də elm adamları adından muxtar respublikada elmə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində ictimai və humanitar elmlərin inkişafı”,  Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində təbiət və texniki elmlərin inkişafı”, AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırovun  “AMEA Naxçıvan Bölməsində elmin beynəlxalq aləmə inteqrasiyası” mövzularında çıxışları dinlənilib. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 28.03.2022 18:45