AZ EN RU

AMEA Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü münasibətilə elmi konfrans keçirilib

Konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransdakı giriş sözündə yüzilliklər boyu ermənilərin cəfəng ideyalarını gerçəkləşdirmək üçün tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsindən, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə artan ərazi iddialarından, SSRİ-nin dağıldığı dövrdə ölkə rəhbərliyinin səriştəsizliyindən, ölkədə hökm sürən ictimai vəziyyətdənsöz açıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar əsasında günü-gündən güclənən ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsi yazmağa müvəffəq oldu. Düşünülmüş və uzaqgörən siyasət, eləcədəəsgər və zabitlərimizin cəsarəti bizə torpaqlarımızın azadlıq sevincini yaşatdı.

Qarabağ zəfərinin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə qaldırılan Azərbaycan bayrağını qələbəmizin davamı kimi səciyyələndirən bölmə sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş bayrağımız 70 il sonra ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən sessiyada qaldırılmış, həmin gündən etibarən üçrəngli bayraq mənəvi, mədəni birliyimizin, ərazi bütövlüyümüzün simvolu olmuşdur.

Konfransda  bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev, İncəsənət, Dil və Ədəbiyyat İntitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva, həmin institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, elmi işçi Aysel İsmayılova müxtəlif mövzuda məruzələr ediblər. Məruzələrdə II Qarabağ müharibəsi zamanı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən, Qarabağ zəfərinin ölkəmiz üçün tarixi, hüquqi və iqtisadi əhəmiyyətindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən quruculuq işlərindən və gələcək perspektivlərdən söz açılıb.

Məruzəçilər həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan üçrəngli bayrağın azadlıq mücadiləmizdəki rolu, müstəqil Azərbaycanın dövlət bayrağı kimi müəddəsliyi, dövlət atributlarımızın təbliği işinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış sənədlər barədə danışıblar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

AMEA Naxçıvan Bölməsinin

mətbuat xidməti

Nəşr edilib : 06.11.2023 15:32