AZ EN RU

AMEA Naxçıvan Bölməsində 2022-ci ilin yekunları müzakirə olunub

    AMEA Naxçıvan Bölməsinin 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub. Əvvəlcə bölmə əməkdaşlarının 2022-ci ildə nəşr olunan əsərlərindən ibarət sərgiyə baxılıb.
    Yığıncağı açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 iyul tarixdə ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanı xatırladaraq bildirib ki, həmin fərmanla ölkədə elm və təhsil sahəsində əsaslı islahatlara başlanılmışdır. Akademik fərmanla əlaqədar olaraq AMEA-nın, eləcə də Naxçıvan Bölməsinin strukturunda olan dəyişiklikləri diqqətə çatdırıb, iclas iştirakçılarına uğurlar  arzulayıb.
    Bölmə sədri çıxışı zamanı AMEA Naxçıvan Bölməsinin 2022-ci il üzrə göstəricilərini ötən illə müqayisə edib, müsbət və diqqət yetirilməli məqamları nəzərə çatdırıb.
    Sonra AMEA Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2022-ci ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlər barədə hesabatı dinlənilib.
    Hesabatda qeyd olunub ki, 2022-ci ildə AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikası Prezidentinin 11 adda fərman və sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 adda sərəncam və qərarı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin 21 adda fərman, sərəncam və qərarı, Azərbaycan Milli Elmlər Akademiyasının 11 adda sərəncam və qərarlarından irəli gələn vəzifələr icra edilmiş, bölmə 9 Dövlət proqramının icrasında iştirak etmişdir.
    İl ərzində AMEA Naxçıvan Bölməsində              6 elmi istiqamətdə, 6 prоblemi əhatə edən,                      7 mövzu üzrə 36 iş 87 mərhələdə tamamlanmış, 6 mühüm nəticə qazanılmışdır. Bölmə əməkdaşlarının, ümumilikdə, 626 elmi əsəri çap olunmuş, 1 xəritə və 1 buklet tərtib edilmişdir. 2 monoqrafiya, 66 məqalə, 73 konfrans materialından ibarət 141 əsər xaricdə çap olunmuşdur. 14-ü Web of Science, Scopus və başqa elmi bazalara daxil jurnallar olmaqla, ümumilikdə, 40 məqalə impakt faktorlu elmi nəşrlərdə dərc edilmişdir. Məqalələrin 328-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda işıq üzü görmüşdür ki, onlardan 69-u xaricdə çap edilmiş əsərlərdir. Hesabat dövründə əməkdaşların əsərlərinə 969 istinad qeydə alınmışdır.
    AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının hər birinin 4 nömrəsi, “Taleyi və sənəti” seriyasından 2 kitab çapdan çıxmış, bölmə əməkdaşlarının 273 qəzet məqaləsi işıq üzü görmüşdür.
    2022-ci ildə AMEA Naxçıvan Bölməsi tərəfindən YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair layihə və 2 beynəlxalq qrant layihə icra edilmişdir.
   Orxan Bağırov məruzəsində AMEA Naxçıvan Bölməsinin kadr potensialı barədə məlumat verərək bildirib ki, hesabat ilində bölmənin              6 əməkdaşı doktorantura və dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığına qəbul olmuş, mövzuları və rəhbərləri təsdiqlənmişdir. İl ərzində            3 nəfər elmlər doktoru, 2 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 2 nəfər dosent elmi adını almışdır. Bölmədə 4 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir.
    Hesabat dövründə AMEA Naxçıvan Bölməsi və Türk Tarix Qurumu Başqanlığı arasında elmi əməkdaşlığa dair müqavilə imzalamış, bölmə əməkdaşları xaricdə və ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə çıxış etmişlər.
    Hesabat məruzəsində, həmçinin bölmədə həyata keçirilən tətbiqyönümlü işlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən tədbirlər və əldə olunan nəticələr, maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Qeyd olunub ki, hesabat dövründə AMEA Naxçıvan Bölməsində 1 beynəlxalq, 7 muxtar respublika səviyyəli, 15 bölmə səviyyəli konfrans və tədbir, habelə kitab müzakirələri və digər tədbirlər keçirilmişdir.
    AMEA Naxçıvan Bölməsi yaradılmasının 20 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə təltif edilmiş, əməkdaşlardan 4 nəfər müxtəlif jurnalların redaksiya heyətinə üzv və hakim seçilmiş, 1 nəfər Azərbaycan Yazıçılar Birliyinə, 1 nəfər Azərbaycan Aşıqlar Birliyinə üzv seçilmişdir. Bölmə əməkdaşlarından 2 nəfər elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, 10 nəfər isə bölmənin Fəxri fərmanı ilə təltif edilmişdir.
    AMEA Naxçıvan Bölməsi Rəyasət Heyəti üzvlərindən AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək təqdim edilən hesabatın qəbul olunmasını təklif ediblər.
    İclasın sonunda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov 2022-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif  olunublar.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 15.12.2022 19:59