AZ EN RU

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib

    AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib. İclası açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə gündəliyə daxil edilən məsələləri iştirakçıların diqqətinə çatdırıb.
    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verən akademik bildirib ki, bu məqsədlə AMEA Naxçıvan Bölməsində 8 maddədən ibarət Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planında “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu və banisidir” mövzusunda respublika elmi konfransının keçirilməsi, bölmənin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunması, “Heydər Əliyev: taleyi və siyasi fəaliyyəti” seriyasından kitabın nəşr edilməsi, monoqrafiya və məqalələrin dərc olunması, habelə bölmə əməkdaşlarının görkəmli dövlət xadimi Heydər Əliyev haqqında nəşr olunmuş əsərlərindən ibarət sərginin təşkil olunması və digər tədbirlər nəzərdə tutulmuşdur. “Tədbirlər Planı” Rəyasət Heyəti tərəfindən müzakirə olunaraq təsdiq edilib.
    Sonra akademik İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının oktyabrın 25-də keçirilən ümumi yığıncağı haqqında danışıb. Qeyd edib ki, yığıncaqda keçirilən gizli səsvermənin nəticəsinə əsasən akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib. İctimai və humanitar elmlər sahəsində müsbət dəyişikliklərin baş verəcəyinə əminlik ifadə edən bölmə rəhbəri AMEA-nın yeni strukturda fəaliyyətinin vəd etdiyi perspektivlərdən söz açıb.
    İclasda çıxış edən bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov 23-25 iyun 2023-cü il tarixdə keçiriləcək “Dünya tufanı, şumerlər və Naxçıvan” beynəlxalq konfransına hazırlığın vəziyyəti barədə məlumat verib. Sonra konfransın təşkilat komitəsi və elmi-tədqiqat qrupunun tərkibi təsdiq olunub.
    Bölmə Aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov 2022-ci il üçün AMEA Naxçıvan Bölməsinə doktorantura və dissertanturaya qəbulun, Kadr və ümumi işlər şöbəsinin müdiri Filurə Sadıqova isə vakant vəzifələrin tutulması ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat veriblər.
    İclasın gündəliyinə çıxarılan məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 01.11.2022 17:44