AZ EN RU

AMEA Naxçıvan Bölməsi hesabat verib

    AMEA Naxçıvan Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub. Yığıncaqdan öncə bölmə əməkdaşlarının il ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış olub.
    Hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq cari ildə aparılan araşdırmaların nəticələri barədə qısa məlumat verib, təqdim olunan göstəriciləri ötən ilin göstəriciləri ilə müqayisə edib.
    Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2023-cü ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabatını təqdim edib.
    Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsində elmi-tədqiqat işləri 1 akademik, 3 AMEA-nın müxbir üzvü, 3 elmlər doktoru, 19 fəlsəfə doktoru, 8 dissertant olmaqla, 34 elmi işçi tərəfindən aparılmışdır. 3 istiqamət, 3 prоblemi əhatə edən 3 mövzu üzrə 17 iş 34 mərhələdə yerinə yetirilmiş, 2 mühüm nəticə əldə olunmuşdur.
    Cari ildə bölmənin 34 elmi əməkdaşının 12 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 188 elmi məqaləsi, 93 konfrans materialı və 5 tezisi olmaqla, 307 elmi əsəri nəşr edilmişdir. Əsərlərdən 48-i xaricdə nəşr edilmiş,190-ı beynəlxalq indeksli nüfuzlu elmi jurnallarda çapdan çıxmışdır. Məqalələrdən 3-ü Scopus bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc olunmuşdur.
    2023-cü ildə bölmə alimləri ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya və İranın elm, təhsil müəssisələri və alimləri ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişlər. Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası uğurla davam etmiş, həm beynəlxalq, həm də yerli arxeoloji ekspedisiyalar nəticəsində yeni materiallar əldə olunmuşdur.
    Məruzənin ardından Rəyasət Heyətinin üzvlərindən AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev, Əbülfəz Quliyev və Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək təqdim olunan hesabatın qəbul edilməsini təklif ediblər.
    İclasın sonunda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fələsəfə doktoru Səbuhi İbrahimov və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov 2023-cü ildə elm sahəsindəki nailiyyətlərinə görə “İlin alimi” fəxri diplomu ilə təltif olunublar.
    Sonra AMEA Naxçıvan Bölməsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 12 əməkdaşa kitab və monoqrafiyaların nəşrinə görə pul mükafatı təqdim edilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 15.12.2023 18:15