AZ EN RU

AMEA-da Xəzərin arxeologiyası şöbəsi yaradılacaq

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələ Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması ilə bağlı olub.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda sualtı arxeoloji tədqiqatların sonuncu dəfə 1968-1986-cı illərdə həyata keçirildiyini, 20 ilə yaxın müddət ərzində Xəzər sahillərində və adalarda 4000-dən artıq maddi-mədəniyyət qalığının aşkarlandığını deyib. Akademik qeyd edib ki, bu gün Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə əlaqədar dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaranıb.

AMEA rəhbəri ölkə başçısının Xəzər hövzəsi ilə əlaqədar çağırışlarını və mövcud reallığı nəzərə alaraq, Xəzər dənizində və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycanın tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.

Nəşr edilib : 20.06.2023 14:41