AZ EN RU

AMEA-da struktur islahatları istiqamətində müzakirələr davam etdirilir

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutları və ölkəmizin digər elmi qurumları öz fəaliyyətlərini qarşılıqlı əlaqə və birgə əməkdaşlıq şəraitində qurublar. AMEA-da həm elm sahəsində, həm də struktur islahatları və kadr dəyişikliyi istiqamətlərində islahatların aparılması davam etdirilir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın 2022-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AMEA-nın tabeliyində olan institutlarda və Rəyasət Heyətində müəyyən edilmiş struktur və əməkdaşların say həddinə uyğun olaraq ciddi ixtisarlar aparılıb. Mövcud olan bir çox paralel qurumların birləşdirildiyini deyən akademik İsa Həbibbəyli Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət, Tarix, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarındakı oxşar şöbələrin ləğv edildiyini, cəmiyyətin inkişafından doğan yeni qurumların yaradıldığını vurğulayıb: "Ölkə başçısının Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi çağırışları həyata keçirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq elmi-tədqiqat şöbələri yaradılıb, Rəyasət Heyəti səviyyəsində əlaqələndirmə şurası təsis edilib və şuranın ilk iclası keçirilib. Akademiyanın Rəyasət Heyətinin aparatında yaradılmış “Elektron Akademiya” şöbəsi təsis olunmuş yeni idarəetmə qurumlarındandır. Struktur islahatları istiqamətində müzakirələr davam etdirilir.

Akademiyanın tarixində ilk dəfə olaraq Nizamnaməyə elmi fəaliyyətin Prezident İlham Əliyevin müəyyən etdiyi ölkəmizin milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə qurulmasına dair ayrıca maddə daxil edilib. Bu, sovet hakimiyyəti illərində SSRİ-nin hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə və sovet ideologiyasının təbliğ olunmasına doğru istiqamətləndirilmiş elmimizin xalqımızın milli maraqlarına və müstəqil dövlətçilik mənafeyinə uyğun şəkildə inkişaf etdirilməsinə hüquqi təminat verəcəkdir.

Nəşr edilib : 16.03.2023 11:58