AZ EN RU

AMEA-da Nobel mükafatına həsr olunan konfrans keçirilir

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın mövzusunun aktuallığını vurğulayıb. O bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ölkəmizdə elmi tədqiqatları Nobel mükafatının yüksək reytinqlərinə doğru istiqamətləndirmək, Azərbaycan alimlərinin beynəlxalq layihə, qrant və mükafatlara dair müsabiqələrdə daha fəal iştirakını təşviq etmək, o cümlədən Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Azərbaycan elminin bu mükafatı qazanmış alimlərin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsidir. Həmçinin mövcud miflərin və süni baryerlərin sındırılmasına, psixoloji eyforiyanın aradan qaldırılmasına kömək etməkdir.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Nobellər və Nobel mükafatı: dünya təcrübəsi, Azərbaycan reallıqları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.

Tədbirdə Nobel ailəsinə və mükafatına həsr edilmiş film nümayiş olunub.

Beynəlxalq elmi konfransda “Nobel qardaşlarının Azərbaycanda fəaliyyəti və neft gəlirləri”, “Nobel mükafatı: qaydalar və fərqli yanaşmalar”, “Nobel mükafatı: kuryoz-odiyoz hadisələr və müasir yanaşmalar”, “Nobel mükafatı: gerçəkliklər və fərqli baxışlar”, “Fiziologiya və tibb elmləri üzrə Nobelçilərin kəşfləri və əsas elmi istiqamətləri”, “Fizika üzrə Nobel mükafatçıları: iddiaçılar və laureatlar” və digər mövzularda məruzələr dinləniləcək.

Nəşr edilib : 17.11.2023 14:25