AZ EN RU

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasında Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Səncərlə görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib.

Tədbirdən öncə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin nəzdində “Əziz Səncər şərəf otağı”nın açılışı olub. Əziz Səncər Mərkəzin xatirə dəftərinə ürək sözlərini yazıb.

Tədbiri açan akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Səncərın Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə ölkəmizdə səfərdə olduğunu və bu müddət ərzində bir sıra görüşlər keçirdiyini bildirib.

Əziz Səncərin elmi fəaliyyətinə nəzər salan akademik İsa Həbibbəyli qeyd edib ki, alim Dallasdakı Texas Universitetində molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alıb, gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi şüalar tərəfindən zədələnmiş DNT-nin bərpası ilə bağlı tədqiqatlar aparıb. O, 1997-ci ildən bu günə kimi ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika bölməsində fəaliyyətini davam etdirir. Əziz Səncər xərçəngin bioloji və biokimyəvi üsullarla müalicəsini tədqiq edib və bu istiqamətin əsas yaradıcısıdır. O, 2005-ci ildə ABŞ Milli Elmlər Akademiyasına üzv seçilən ilk amerikalı türk olub, 2006-cı ildə isə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2015-ci ildə DNT-nin bərpası işinə görə iki alimlə birgə kimya üzrə Nobel mükafatına layiq görülüb.

Alimin Türk dünyasına ürəkdən bağlı olduğunu deyən akademik İsa Həbibbəyli professorun Azərbaycanın Qarabağ Zəfərini dəstəklədiyini, ölkəmizin Qələbəsini Türkiyənin İstiqlal savaşı ilə eyniləşdirdiyini vurğulayıb.

Ötən il noyabrın 29-da AMEA-nın Ümumi yığıncağında professor Əziz Səncərin akademiyanın fəxri üzvü seçildiyini xatırladan akademik İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu və medalı Nobel mükafatı laureatı Əziz Səncərə təqdim edib.

Sonra çıxış edən Xalq yazıçısı Anar dünyaşöhrətli alimlə bu görüşü AMEA Rəyasət Heyətində tarixi hadisə kimi dəyərləndirib. O, Əziz Səncəri Azərbaycan Yazıçılar Birliyinə dəvət edib.

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev isə çıxışında Azərbaycan-Türkiyə elmi əlaqələri haqqında danışıb, ikitərəfli əməkdaşlığın inkişafında Əziz Səncərin mühüm rolunu vurğulayıb.

Daha sonra professor Əziz Səncər “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış edib. O vurğulayıb ki, elm insanlığa, bəşəriyyətə xidmət etməlidir. Alim çıxışında “elmi fəaliyyət necə qurulmalıdır” sualına toxunub, Türk dünyasında elmi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

“Xəyalım Türk dünyasının birliyini görməkdir”, - deyən professor bu istiqamətdə bütün türk dövlətlərinə səfər etdiyini, görüşlər keçirdiyini bildirib.

Nobel mükafatı laureatı çıxışında əsas elmi prioritetlərin müəyyənləşdirilməsi, oğlan və qızların bərabər təhsil hüquqlarının təmin olunması, nəzəriyyələrin təcrübədən keçirilməsi, alimlərin təşviq edilməsi kimi tövsiyələrini də səsləndirib.

Qeyd edək ki, bu gün, həmçinin Rəyasət Heyətinin qərarı ilə Əziz Səncər AMEA-nın fəxri fərmanına layiq görülüb. Akademik İsa Həbibbəyli Əziz Səncərə AMEA-nın fəxri fərmanını təqdim edib.

İclasda akademik Gövhər Baxşəliyeva və AMEA-nın müxbir üzvü Vəli Hüseynov da çıxış edərək təkliflərini səsləndiriblər.

Nəşr edilib : 03.06.2024 17:51