AZ EN RU

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib və yarım ilin yekunlarına həsr olunmuş iclaslar keçirilib

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə nazir Mayis Əliyev açıb. Qeyd olunub ki, hesabat yarım ilində muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 232,0 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, toxumla əkin aparılıb. Əkin işlərində, ümumilikdə, 150 min ədəd meyvə, meşə, həmişəyaşıl tingləri, üzüm, bəzək və gül kolları əkilib. Hesabat yarım ilində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 120 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, toxumla əkin işləri görülüb.
    Diqqətə çatdırılıb ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və artırılması da qeyd olunub. Yaşıllaşdırma tədbirlərində 4,6 hektarı üzüm olmaqla, 55,6 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınıb. Meyvə bağlarının salınmasında yerli sortlara üstünlük verilib, əsasən, badam, cəviz, üzüm, tut, ərik, alma, tinglərindən istifadə olunub. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki¸ bu gün tinglik sahələrdə 350 min ədəddən artıq meyvə tingləri mövcuddur. 
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli 64 nömrəli qərarlarına uyğun olaraq 2022-ci ilin birinci yarısında 177 müəssisəyə 436464 manat ekoloji ödəniş tətbiq olunub, 219884 manat ödəmə aparılıb. Cari ilin birinci yarısında təbii ehtiyatlardan istifadəyə və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə isə 172 müəssisəyə 104172 manat ekoloji ödəniş tətbiq olunmuş 46622 manat vəsaitin toplanması təmin edilib. Mineral xammal bazasının bərpasına ayırmalara görə 21 müəssisəyə 293033 manat ödəmə tətbiq edilib və 139978 manat nazirliyin xüsusi hesabına ekoloji ödəniş həyata keçirilib. 140 müəssisə tərəfindən atmosferə atılan tullantılara görə xüsusi icazə sənədinin alınması üçün nazirliyə müraciət olunub və 20493 manat ödəniş haqqı nazirliyin xüsusi hesabına ödənilib. 
    Nazir qeyd edib ki, “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadə Qaydaları”na uyğun olaraq meşə fondu sahələrindən ictimai iaşə xidməti göstərən 4 fiziki şəxslə müqavilə bağlanılıb, 6906 manat icarə haqqı təyin olunub. Bu günədək 6591 manat ödəmə aparılıb. 
    Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

***

    Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2022-ci ilin ilk altı ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında xidmətin rəisi Bəxtiyar İsmayılov çıxış edib. Bildirib ki, 2022-ci ilin ilk altı ayı ərzində, ümumilikdə, məhsul nümunələrinin 397 halda, o cümlədən qida məhsullarının 351 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməyib.
    Qeyd edilib ki, muxtar respublika iqtisadiyyatının bütün sahələrində sürətli inkişafın təmin olunması məqsədilə təsdiq edilmiş Dövlət proqramlarının icrası istiqamətində fəaliyyət 2022-ci ilin ilk altı ayı ərzində də davam etdirilib. Belə ki, ayrı-ayrı Dövlət proqramlarının müvafiq bəndlərinin icrası təmin olunub, sahibkarlıq subyektləri və ailə təsərrüfatları üçün maarifləndirici seminarlar keçirilib, arıçılıq məhsullarının 3, meyvə-tərəvəz məhsullarının 84, emal olunmuş kənd təsərrüfatı məhsullarının 115 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılıb, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
    Vurğulanıb ki, cari ilin ilk altı ayı ərzində ixrac potensiallı məhsulların 82 halda (57 uyğunluq, 25 qida təhlükəsizliyi sertifikatı) sertifikatlaşdırılması həyata keçirilib, 17 adda əmtəə nişanının qeydiyyata alınması üçün icra proseduru başlanılıb və əmtəə nişanının mühafizəsi barədə 20 şəhadətnamə iddiaçılara təhvil verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində cari ilin 17 yanvar - 30 iyun tarixləri ərzində sənaye məhsullarının, ümumilikdə, 331 halda (ərzaq məhsullarının 291, qeyri-ərzaq məhsullarının 40 halda) laboratoriya analizləri aparılıb və bu istiqamətdə nöqsan aşkar edilməyib. 2022-ci ilin 17 yanvar - 30 iyun tarixləri ərzində İqtisadiyyat Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən 96 istehsal müəssisəsində görüşlər keçirilib, ISO beynəlxalq standartların tətbiqi, əmtəə nişanlarının beynəlxalq sistem vasitəsilə qeydiyyatı ilə bağlı məlumatlar çatdırılıb, müəssisələrə standartlaşdırma üzrə dəstək göstərilib, istehsal sahələrinə uyğun müvafiq standartlardan 326 halda çıxarışlar təqdim edilib.
    Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.07.2022 18:16