AZ EN RU

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib və yarım ilin yekunlarına həsr olunan tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında verilmiş tapşırıqlar, 2022-ci ilin birinci yarısında gördüyü işlər və qarşıya qoyulan vəzifələrlə bağlı iclası keçirilmişdir. İclasda 2022-ci ilin birinci yarısında muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.
    İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edərək, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər­liyi ilə həyata keçirilən ardıcıl islahatlardan danışıb. Qeyd olunub ki, Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbər­liyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlər görülüb.
    Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi, bu ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işlərinin аpаrılması sahəsində bir sıra tədbirlər həyаtа kеçirilmişdir.
    Ali Məhkəmənin sədri muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş mülki və digər işlər üzrə çıxarılmış qətnamə və qərardadlardan verilmiş apelyasiya şikayətlərinin nəticələrini və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəricilərini ətraflı təhlil edib.
    Daha sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Muradovun, Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədovun, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Kommersiya Məhkəməsinin sədri Elşən Salmanovun və muxtar respublikanın şəhər və rayon məhkəmələri sədrlərinin 2022-ci ilin birinci yarısında görülən işlərə dair məlumatları dinlənilmişdir. 
    İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev yekun vuraraq bildirmişdir ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi 16 iyul 2022-ci il tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulmuş vəzifələri Ali Məhkəmənin fəaliyyətində rəhbər tutaraq bundаn sоnrа dа ədаlət mühаkiməsini оb­yеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçirəcək, vətəndaşların hüquqi mааrifləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlərinə оlаn tələbаtının keyfiyyətli ödənilməsi üçün səylərini davam etdirəcəkdir.

***

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yarım ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. 
    İclası nazir Bəhruz Bayramov açıb. Bildirilib ki, muxtar respublikada uğurla aparılan aqrar siyasət kənd təsərrüfatının dinamik inkişafına səbəb olmuş, infrastrukturun yaxşılaşdırılması ilə əkinçilik sahəsində yüksək nailiyyətlər qazanılıb. Belə ki, qapalı suvarma sistemlərinin tikilərək istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına imkan yaradıb. Hazırda Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250, Çeşməbasar, Güznüt kəndləri ərazisində isə 240 hektar sahədə qapalı suvarma və kollektor drenaj şəbəkəsinin tikintisi aparılır. Bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisinə başlanılıb.
    Qeyd olunub ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması daim diqqətdə saxlanılır. Görülən çoxşaxəli tədbirlər belə təsərrüfatların inkişafına böyük stimul olub, bölgələrdə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Hazırda muxtar respublikada 44 mindən çox ailə təsərrüfatı mövcuddur ki, bundan da 1400-dən çoxu ixitsaslaşmış kiçik və böyük ailə təsərrüfatıdır. Verilmiş kreditlərdən səmərəli istifadənin nəticəsidir ki, bu təsərrüfatlarda bütün növlər üzrə məhsul istehsalı və məhsuldarlıq göstəriciləri yüksəkdir.
    Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikaları başlıca şərtlərdəndir.“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 93 ədədi 2022-ci ilin ötən dövründə 3495  müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib, ondan 2652-si lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 315-i isə nağd və ya köçürmə yolu ilə satılıb. Ümumilikdə, muxtar respublika üzrə 3564 texnika və texnoloji avadanlıq mövcuddur ki, onlardan 413-ü “Naxçıvan Aqrolizinq” ASC-nin mərkəzi rayon və bazalarında, qalanları isə hüquqi və fiziki şəxslərdədir.
    Nazir qeyd edib ki, arıçılıq kənd əhalisinin məşğulluğunun təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. 2022-ci ilin birinci rübündə arıçılıqla məşğul olmaq istəyən sahibkarlara güzəştli şərtlərlə 20 min 500 manat həcmində kreditlər verilib. 2000-ci ildə 12 min 620 arı ailəsi olduğu halda, hazırda 106 min arı ailəsi mövcuddur. 
    Bildirilib ki, heyvandarlıqda aparılan məqsədyönlü tədbirlər və dövlətin dəstəyi öz bəhrəsini verməkdədir. Görülən tədbirlərin nəticəsidir ki, 1 iyul 2022-ci il tarixə 130970 baş iribuynuzlu mal, 832114 baş xırdabuynuzlu heyvan,  1 yanvar 2022-ci il tarixə 1 milyon 396 min 573 baş quş olub ki, bu da əvvəlki  ilin  eyni  dövrü ilə müqayisədə 2095 baş iribuynuzlu malın, 15187 baş xırdabuynuzlu heyvanın, 72665 baş quşun çox olması deməkdir.
    Nazir onu da diqqətə çatdırıb ki, hazırda muxtar respublikada heyvandarlıqla məşğul olan 664 sahibkar 10-100 baş arası iribuynuzlu, 524 sahibkar isə 100-5000 başdan çox xırdabuynuzlu heyvan saxlayır. Görülmüş işlərin nəticəsidir ki, 2022-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 152 milyon 756 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.
    Sonra məruzə atrafında çıxışlar olub. 

***

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiyada çıxış edən nazir Natəvan Qədimova bildirib ki, 2022-ci ilin ilk 6 ayı ərzində nazirliyin tabeliyində olan musiqi kollektivləri əlamətdar və tarixi günlərlə bağlı konsert proqramları ilə çıxışlar etmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Milli Teatr Günü münasibətilə mart ayında tədbir keçirilmiş, Xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 27 aprel tarixli Qərarına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilmiş və bununla əlaqədar aprel ayında tədbir keçirilmiş, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi olmuşdur. 
    May ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar, Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanılan rəsm əsərləri və xalçalardan ibarət sərgi, iyunun 15-də Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrinin 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konserti, iyunun 16-da isə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təşkil edilmişdir.
    Bildirilmişdir ki, yanvar-iyun aylarında mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilmiş, yanvar ayında Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin, may ayında Şərur Rayon Mədəniyyət Sarayının  yeni binaları istifadəyə verilmişdir. 
    Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri üçün açıq dərslər, kitab müzakirələri keçirilmiş, mühazirə və film nümayişi olmuşdur. 
    Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 14 xalça haqqında məlumat naxcivan_muzeyleri “Instagram” səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı hesabat dövründə, ümumilikdə, 22 tədbir keçirilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin “Əhməd Cavadın 130 illiyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 23 aprel tarixli Sərəncamının icrası ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Əhməd Cavad – 130” başlıqlı sərgi təşkil edilmiş, interaktiv dərs keçilmiş və müzakirələr aparılmışdır.
    Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların 119 müzakirəsi keçirilmişdir. 
    Hesabat dövründə Naxçıvan Dövlət Film Fondu fəaliyyətini daha da gücləndirmiş, nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. 
    Məruzə ətrafında müzakirələr olmuşdur.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində keçirilən iclasda Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev çıxış edərək bildirib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 112,5, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait isə 109,7 faiz icra olunub.
    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən 2022-ci ilin birinci yarım ilində Tədbirlər Planları təsdiq olunub və icrası təmin edilib.
    Sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 10 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1414 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 80,5 faizi muxtar respublikanın rayonlarının payına düşüb.
    Həmçinin bildirilib ki, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə vergiödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılması işi davam etdirilib. Görülmüş tədbirlərin nəticəsidir ki, 1 iyul 2022-ci il tarixə vergi borcu olmamışdır. 2022-ci ilin birinci yarım ilində nağdsız ödənişlərin həcminin artırılması məqsədilə, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər keçirilib, nağdsız hesablaşmalardan istifadə edərək 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların həyata keçirdiyi məbləğlərə uyğun olaraq 431 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. 
    Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.07.2022 20:19