AZ EN RU

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib

Oktyabrın 5-də Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin müraciətinə baxılması

2. “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefası ilə bağlı müraciət edib.

Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov istefa ilə bağlı müraciət edib.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ - “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə bildirilib ki, Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilib. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının müvafiq qanununda dəyişiklik layihəsi hazırlanıb.

Layihə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib.

Deputatlardan Elman Cəfərli, Yeganə Məmmədova və Aidə Allahverdiyeva ölkəmizdə müvəkkil (Ombudsman) institutunun əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və təsisatın əhəmiyyətini diqqətə çatdırıb, qanun layihəsinə edilən müvəkkilin (Ombudsmanın) vəzifə maaşının, səlahiyyətlərinin artırılması və digər əlavə və dəyişikliklərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlara cavab verdiyini, insan hüquqlarının daha da etibarlı təminatına şərait yaradacağını, eləcə də dayanıqlı inkişafa xidmət edəcəyini bildirib, dəstək ifadə ediblər. 

Elman Cəfərli qanun layihəsi ilə əlaqədar texniki təkliflər edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov təklifə münasibət bildirib.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva yeni qanun layihəsi haqqında, həmçinin layihə ilə yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizmi və funksiyaları yenilənmiş preventiv mexanizmin həyata keçirilməsi qaydaları haqqında məlumat verib.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonda deputatlar cari məsələləri müzakirə ediblər.

Bununla da Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5 oktyabr 2023-cü il tarixli iclası öz işini başa çatdırdı.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 05.10.2023 15:43