AZ EN RU

Alternativsiz düşmən “alternativ yol” arayışında...

    Livan yazıçısı, filosof Mixail Nüeymə deyirdi ki, o xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Yaxın keçmişdə yaşanan hadisələr bir daha göstərdi ki, başqalarının qoltuğuna qısılmağı sevimli adət-ənənəsinə çevirən, özgə kölgəsində daldalanmağa alışmış erməni toplumu hələ öz naməlum, qaranlıq tarixlərindən dərs çıxarmağı bacarmırlar, o ki qala digərlərinin tarixindən... Reallıq odur ki, dünyada hiyləgərlikdə, barbarlıqda ad çıxaran, bu “məharətinə” görə alternativi olmayan, rəqib tanımayan nankor düşmən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusundan aldığı sarsıdıcı zərbələrdən sonra suya düşmüş xülyalarının axtarışından əl çəkmək niyyətində deyillər. Ancaq bir faktı unudurlar ki, qalib ölkə Prezidentinin cəhənnəmə, gora yolladığı o xülyaları nəinki Ermənistanın, onun hər gün bədnam arzularla müsəlləyə çıxan sadiq dostunun belə qaytarmağa iqtidarı, gücü çatmaz...

    Əli minlərlə günahsız insanın qanına batmış, öz vətəndaşının aqibətini düşünməyən düşmən ölkənin gəlib-keçmiş bütün siyasi rəhbərliyindən fərqli olaraq Azərbaycan dövləti hər zaman müharibəyə, zülmə deyil, sülhə, barışığa can atır.  Münxen Təhlükəsizlik Konfransı zamanı ölkə prezidentinin həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı səsləndirdiyi təklif, eləcə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşdə dediyi “Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq” sözləri bu amili bir daha təsdiqləyir. Ancaq, təəssüflər olsun ki, dörd aya yaxındır, ekoloji terrora qarşı çıxaraq əzm göstərən Azərbaycanın könüllü gənc­lərin, ekoloqların faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi ilə bağlı haqlı tələblərinə məhəl qoymamaqla, keçirilən beynəlxalq görüşlərdə Azərbaycanın humanizm prinsiplərinə əsaslanan sülh çağırışlarını geri çevirməklə nataraz qonşumuz geri dönüşü olmayan bir yolu tutmaqda davam edir...
    Gerçək odur ki, sülh prosesini yubatmağı azmış kimi, müxtəlif təxribatçı hərəkətlərindən də əl çəkməyərək qan tökməyə xidmət edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirməklə düşmən ölkənin xunta rejimi Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin səbir kasasını doldurmaqda israrlıdırlar. Bu xüsusda 2020-ci ilin 10 noyabr tarixində imzalanan, Ermənistanın kapitulyasiya aktı sayılan Üçtərəfli Bəyanatın müddəalarını vurğulamaq, yada salmaq yerinə düşər. Həmin bəyanatda qeyd olunur ki, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin, həmçinin mülki şəxslərin daşınmasına xidmət etməlidir. Lakin baş verən hadisələr göstərir ki, Ermənistan üçün BMT-nin qətnamələri, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi üçtərəfli bəyanatda yazılanlar da əhəmiyyətsiz, formal xarakter daşıyır. Digər təəssüf doğuran hal isə Rusiya tərəfinin, xüsusilə də “sülhün təminatçısı” funksiyasını icra etməyə çalışan sülhməramlıların da 10 noyabr bəyanatının müddəalarına əməl etməkdə istəkli olmamasıdır. Görünən odur ki, qanunsuz erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılmasının, Laçın rayonundan keçən yolun humanitar məqsədlər üçün nəzərdə tutulduğu bəndlərin də yer aldığı 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri Azərbaycandan başqa heç bir tərəf yerinə yetirmək istəmir. Əvəzində isə alternativsiz düşmən titulunu layiqli şəkildə daşıyan Ermənistan təxribatlar törətmək, sülh gündəliyinə xələl gətirmək məqsədilə alternativ yollar axtarır. Məhz 2023-cü il martın 5-də qondarma erməni silahlılarının Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qanunsuz daşımalara cəhdi zamanı baş verən silahlı qarşıdurmada 2 hərbi qulluqçumuzun şəhid olması və martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması faktı da qarşı tərəfin vəziyyəti gərginləşdirməyə, sülhdən yayınmağa məqsədli olduğunu bir daha göstərdi. Müharibə riskini artıran bu addımlara qarşı əvvəlcədən əməliyyat, kəşfiyyat məlumatlarına malik olan Azərbaycan Ordusunun adekvat cavabı düşmənə sarsıdıcı zərbə vurmaqla onun çirkin planlarını növbəti dəfə fiaskoya uğratdı. 
    Bəli, gün ötdükcə Ermənistanın vəziyyəti mürəkkəbləşdirməyə hesablanmış, silahlı qarşıdurma məqsədi daşıyan təxribatçı davranışlarının intensivləşməsi artıq Azərbaycanın növbəti antiterror əməliyyatlarını reallaşdırmasını labüd edir. Nə qədər  gec deyil, yaxşı olar ki, qonşu respublikanın siyasi rəhbərliyi 2020-ci ilin 44 günlük Vətən müharibəsində yaşananları da xatırlayaraq “papağını” qabağına qoyub dərindən düşünsün, qalib ölkə Liderinin: “...Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın...” sözlərini qulağında sırğa edərək, “alternativ yol” sevdasından əl çəkib doğru yola gəlsin, humanist təkliflərlə razılaşsın. Yox, əgər sülh sazişi reallığını qəbul etməyib müharibə aparmaq xülyasına düşəcəksə, özü çəkdiyi yolun sonundakı dərin uçuruma yuvarlanmaq üçün geri sayıma elə indidən başlaya bilər...

Nail ƏSGƏROV

Nəşr edilib : 29.03.2023 18:21