AZ EN RU

Almaniyadakı boks klubu Ermənistanın mina terroruna sərt etirazını bildirib

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Land des Feuers” (“Odlar Yurdu”) boks klubu ölkəmizin işğaldan azad edilmiş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, boks klubunun adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması xəbərinin Almaniyada yaşayan azərbaycanlılarda dərin narahatlıq və hiddət hissi doğurduğu qeyd olunub.

Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi kimi qiymətləndirilib.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsi və ya yaralanması ilə nəticələndiyi, bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına, bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə böyük əngəllər törətdiyi nəzərə çatdırılıb.

“Land des Feuers” boks klubu beynəlxalq təşkilatları və idman ictimaiyyətini mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməyə çağırıb.

Eyni zamanda, Azərbaycanın texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin olunmasının zəruriliyi bir daha vurğulanıb.

Nəşr edilib : 19.07.2023 15:30