AZ EN RU

Alimlərin tələbələrlə görüşü olub

    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin əməkdaşları “Naxçıvan” Universitetində təhsil alan tələbələrlə görüşüblər.
    Görüşdə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, bu görüş tələbələrimizin elmi fəaliyyətə istiqamətlənmələri üçün əlamətdar və stimullaşdırıcı əhəmiyyət kəsb edir.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvanda elm və təhsil sahəsinə göstərilən qayğıdan bəhs edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti nəzərə alınaraq elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə etmək, diyarın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada elmin daha da inkişaf etməsinə əlverişli şərait yaradıb.
    Akademik təhsil və elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib, hamiliyə götürülən tələbələrin elmə maraqlarının artırılmasında alim və ziyalıların üzərinə düşən vəzifələrdən danışıb.
     AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Vəli Baxşəliyev universitetlərlə bu cür əməkdaşlığın qurulmasının kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
    Görüşdə tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, akademiya əməkdaşları tərəfindən universitetə kitablar hədiyyə edilib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2022 19:01