AZ EN RU

Alimin ABŞ-da yüksək indeksli jurnalda əsəri nəşr olunub

    Son dövrlər dünya miqyasında üzüm bitkisinin geneanalizlərinin molekulyar səviyyədə aparılmasına üstünlük verilir. Bu üsulla çox perspektivli və iqtisadi cəhətdən səmərəli sortların yaradılması ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Bioresurslar İnstitutu Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyev də məşğul olur. 10 patent və müəllif şəhadətnaməsi almış Varis Quliyevin də həmmüəllif olduğu “Üzüm bitkisinin təkamülündə əlamətlərin mənşəyi və ikiqat əhliləşdirmə” adlı fundamental əsəri bu günlərdə ABŞ-da “Üzüm bitkisinin genetikası, genom analizi və seleksiyası” adlanan yüksək indeksli jurnalda dərc olunub. Əsər dünya miqyasında molekulyar genom analizi istiqamətində üzüm bitkisi üzrə tədqiqat aparan ayrı-ayrı ölkələrdən olan müəlliflərin kollektiv elmi məhsuludur. Əsərdə 40-dan çox ölkədən olan 80 həmmüəllifin tədqiqatları özünə yer alıb. Yeni nəşrdə Naxçıvan bölgəsində 25-dən çox aborigen üzüm sortlarının molekulyar genom analizlərinin nəticələri də işıqlandırılıb. Qeyd edək ki, 2022-ci ildə Türkiyədə yüksək nüfuzlu “Üzümçülük üzrə tədqiqatlar” jurnalında Varis Quliyevin həmmüəllif olduğu “Azərbaycanda bəzi üzüm sortlarının bioloji və morfoloji dəyişkənliklərinin öyrənilməsi” adlı əsəri də nəşr edilib.
    Məlumat üçün bildirək ki, aqrar elmləri doktoru, dosent Varis Quliyev 40 ildən artıqdır ki, muxtar respublikada üzüm sortlarının genetikası və seleksiyası üzrə elmi-tədqiqat işləri ilə məşğul olur. Bu tədqiqatların nəticəsi kimi 1986-cı ildə “Kalxisinin təsiri ilə üzüm bitkisində biomorfoloji xüsusiyyətlərin dəyişilməsinin öyrənilməsi” mövzusunda namizədlik, 2012-ci ildə “Naxçıvan Muxtar Respublikasında üzüm genofondunun tədqiqi və seleksiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.03.2023 20:32