AZ EN RU

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 64 mindən çox abituriyent ərizəsini təsdiq edib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ərizə qəbulu martın 17-dək internet vasitəsilə aparılır.

Martın 14-ü saat 9:30-a olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 64 min 89 abituriyent öz ərizəsini təsdiq edib. Onlardan 58 min 578-i Azərbaycan bölməsi, 5 min 511-i rus bölməsi üzrədir.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabineti” olmayanlar) istifadəçi adı və parolu vasitəsilə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq komissiyada təsdiq etdirirlər.

Müvafiq komissiyaların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə DİM-in saytında yerləşdirilmiş keçid vasitəsilə tanış olmaq mümkündür.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni DİM-in saytında yerləşdirilib.

Nəşr edilib : 14.03.2022 12:12