AZ EN RU

Ali təhsil ocaqlarında ilin yekunları müzakirə olunub

    Naxçıvan Dövlət Universitetində 2021-ci ilin yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələrə dair müşavirə keçirilib. Universitetin rektoru, dosent Elbrus İsayev məruzəsində qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük diqqət və qayğısı nəticəsində ötən ildə də təhsil siyasəti uğurla davam etdirilib, universitetin bütün kampuslarında yenidənqurma və bərpa işləri aparılıb. Xarici dillər fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi, Texnologiyalar Parkının təməlatma mərasiminin keçirilməsi ötən ilin ən böyük uğurlarındandır.
    Diqqətə çatdırılıb ki, 2021-ci il 3 sentyabr tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer alıb. Həmçinin “Azərbaycan universitetləri” səhifəsinin keçirdiyi “2021-ci ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunda universitetin rektoru Elbrus İsayev “ilin ən yaxşı universitetinin ən yaxşı rektoru” mükafatını qazanıb.
    Bildirilib ki, hazırda universitetdə 10 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 70 ixtisas üzrə 6027 tələbə, magistratura təhsil səviyyəsində 88 ixtisaslaşma üzrə 430 magistrant, doktorantura səviyyəsi üzrə 131 doktorant və rezidentura üzrə 70 rezident təhsil alır. 2021-2022-ci tədris ilində ali təhsil ocağının bakalavr və magistr təhsil səviyyələri üzrə müasir dövrün tələblərinə cavab verəcək bir sıra yeni ixtisaslar üzrə tələbə qəbulu aparılıb.
    Ali təhsil ocağında mühüm yeniliklərdən biri də Naxçıvan Musiqi Kollecinin 2021-ci il 11 iyun tarixində universitetin nəzdində fəaliyyətə keçməsidir.
    Məruzədə tədris prosesində və imtahan semestrlərində İKT-nin tətbiqi sahəsində görülən işlərdən bəhs olunub. Bildirilib ki, ali təhsil ocağının İKT və ET şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın milli internet mükafatına layiq görülüb. Vurğulanıb ki, 2021-ci ilin iyul ayında universitetin nümayəndə heyəti ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsində təcrübə əldə etmək məqsədilə Türkiyənin bir sıra universitetlərində, Türkiyə Ali Təhsil Şurasında olub və əməkdaşlıq müqavilələri imzalanıb. Ali təhsil ocağında Avropa Birliyinin Erasmus+ LMQS layihəsi çərçivəsində onlayn görüşlər keçirilib və universitetin nümayəndə heyəti Yunanıstanda keçirilən təlimlərə qatılıblar. 
    2021-ci ildə universitet əməkdaşlarının 6 monoqrafiyası, 8 dərsliyi, 35 dərs vəsaiti, 94 metodik vəsait və proqramı, 464 elmi məqaləsi və 354 konfrans materialı çap olunub. Elmi məqalələrdən 102-si, konfrans materiallarından isə 196-sı xaricdə beynəlxalq konfrans toplularında dərc olunub. Nüfuzlu jurnallarda nəşrlərə gəldikdə isə müəllimlərin 34 sayda məqaləsi impakt faktorlu jurnallarda işıq üzü görüb. Onlardan 8-i Web of Science məlumat bazasına, 5-i Scopus elmi bazasına daxil olan elmi jurnallarda, 21-i isə sahə indeksli elmi jurnallarda dərc olunub. Universitetin bəzi müəllimləri, hətta beynəlxalq jurnallarda hakimlik edən redaksiya heyətində təmsil olunub. Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası “Waste will be best” layihəsi ilə 19 ali təhsil müəssisəsinin iştirak etdiyi “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsinin qalibi olub. Vurğulanıb ki, 2021-2022-ci tədris ilinin əvvəlində ali təhsil ocağında 1493 əcnəbi tələbə təhsil alır ki, 1486 nəfəri bakalavr, 7 nəfəri magistr təhsil pilləsindədir. Hazırlıq kursunda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 465 nəfərdir. 
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

***

    “Naxçıvan” Universitetində 2021-ci ilin yekunlarına həsr olunmuş müşavirədə  universitetin rektoru, dosent Nurlana Əliyeva müşavirəni açaraq bildirib ki, 4 fakültə, 10 kafedra, 7 şöbə, 4 mərkəzin fəaliyyət göstərdiyi universitetdə, ümumilikdə, 1487 tələbə təhsil alır ki, onlardan 22 ixtisas üzrə 1373 nəfəri bakalavr, 10 ixtisas üzrə 30 nəfəri magistr, 14 ixtisas üzrə 31 nəfəri doktorant və dissertant, 6 ixtisas üzrə 12 tələbə isə akademik möhlətdədir. Ali təhsil ocağında ötən il yeni ixtisaslar açılıb, STEAM layihəsi çərçivəsində eyniadlı mərkəz yaradılıb. 2021-ci ildə əməkdaşlar tərəfindən 95 elmi-tədqiqat işi yerinə yetirilib, universitet əməkdaşlarının 1 monoqrafiyası,  2 kitabı, 4 dərs vəsaiti, 58 metodik vəsait və proqramı, 9-u xaricdə, 3-ü indeksli jurnalda olmaqla, 107 elmi məqaləsi və 15-i xaricdə olmaqla, 41 tezisi çap olunub.

    Ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açan rektor vurğulayıb ki, “Naxçıvan” Universiteti dünyanın 52 universiteti ilə tədris və elm sahələrində əlaqə saxlayır və 2 beynəlxalq universitetlər birliyinin üzvüdür. Hesabat ilində daha bir beynəlxalq layihəyə, “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsinə də qoşulub. “Naxçıvan” Universiteti tərəfdaş seçilərək muxtar respublikadan bu layihəyə qoşulan ilk və yeganə universitet kimi qeydə alınıb. Cari ildə “Erasmus +” proqramı çərçivəsində Rumıniyanın Piteşti Universiteti ilə olan müqavilə, həmçinin İspaniyanın Vallodolid universitetləri ilə də ikili müqavilələr yenilənib. 
    Hesabat ilində “Naxçıvan” Universiteti 2 beynəlxalq konfransa ev sahibliyi edib və əməkdaşlar 16 beynəlxalq konfransda, 10 respublika konfransında iştirak edib. Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə əlaqədar olaraq ötən il 20 onlayn konfrans, təlim və seminar həyata keçirilib. Ali təhsil ocağının bir əməkdaşı qrant layihənin qalibi olub. 2021-2022-ci tədris ilində “Naxçıvan” Universitetində bütün səviyyələr üzrə 85 əcnəbi tələbə təhsilini davam etdirib. 
        Sonra çıxışlar olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.01.2022 20:57