AZ EN RU

Ali təhsil ocağının müəllimi Nəzakət İsmayılovanın Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixinə dair dəyərli tədqiqat əsəri ictimaiyyətə təqdim edilib - FOTOLAR

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın  dərs vəsaitinin təqdimatı keçirilib. Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan hələ tarixin erkən çağlarından başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük qiymət verib, onu qoruyub saxlayıb. Vurğulanıb ki, dərs vəsaiti ən böyük informasiya mənbəyi olan və uzun əsrlər boyu cəmiyyətin tərəqqisinə xidmət edən muxtar respublika kitabxanalarının tarixinin araşdırılıb elmi təhlilinin aparılması sahəsində ilk dəyərli mənbədir. Rektor  diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixi” adlı kitab universitet Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi çapa tövsiyyə olunub.

Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova kitab haqda ümumi məlumat verərək qeyd edib ki, müəllif kitabda muxtar respublikada kitabxana işi haqda tədqiqat aparıb, burada ən qədim dövrlərdən formalaşan kitab mədəniyyəti və sonralar arxeoloji tədqiqatlar nəticəsində üzə çıxarılan çox sayda kitabə və əlyazmalardan bəhs edib. Müəllif dərs vəsaitində təkcə kitabxanaların tarixi yox, həmçinin yeni kitabxana texnologiyalarına, yeni texnologiyaların tətbiqi məsələlərinə də diqqət yetirib.

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva bildirib ki, 266 səhifədən ibarət olan dərs vəsaiti Naxçıvanda kitabxanaların tarixini müəyyən edən ciddi elmi tədqiqat işi kimi çox qiymətlidir. Vurğulanıb ki, giriş, Naxçıvanda kitabxana işinin mərhələlərlə tədqiqinin yer aldığı bölmələr və burada fəaliyyət göstərən kitabxanaların yaranması və keçdiyi inkişaf yolunu əhatə edən başlıqlardan ibarət olan kitabda respublikamızın ərazisində yerləşən kitabxanaların keçdiyi inkişaf yolu fakt və mənbələr əsasında geniş tədqiq edilib.

M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Mərkəzi Kitabxanasının direktoru Tamella Əsgərova bildirib ki, müəllif muxtar respublikamızda ən qədim dövrdən - ilk yazılı kitabələrdən başlayaraq müasir dövrümüzə qədər kitabxanaların təşəkkülü və inkişaf tarixinə dair geniş araşdırma aparıb.

Çıxış edənlər zəngin bir tarixi dövrü özündə əks etdirən, uzunmüddətli gərgin axtarışların bəhrəsi olan kitab haqda dəyərli fikirlər səsləndirib, müəllifi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda müəllif muxtar respublikada kitaba, kitabxanaya göstərilən yüksək dəyərə görə öz minnnətdarlığını ifadə edib.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 08.04.2022 18:31