AZ EN RU

Ali təhsil ocağının əməkdaşlıq əlaqələri genişlənir

    Naxçıvan Dövlət Universiteti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında birgə əməkdaşlığa dair momerandum imzalanıb.
    Bu münasibətlə keçirilən tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov, mərkəzin direktor müavini Ceyhun Nəzərli və Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Naxçıvan Dövlət Universitetində olublar.    
    Görüş zamanı ali təhsil müəssisəsinin tədris sistemi, inkişaf potensialı və tibb sahəsində nəzərdə tutulan perspektivlər barədə fikir mübadiləsi aparılıb. Ölkədə tibbi kadrların hazırlığı çərçivəsində universitetlərdə yaranan çətinliklər, xarici təcrübədən əldə olunan nəticələr və gənc həkimlərin yetişdirilməsində peşəkar həkimlərin bilik və bacarıqlarının mübadilə prosesi vasitəsilə öyrənilməsi və tətbiqinin zəruriliyi məsələləri müzakirə edilib. 
    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev  bildirib ki, bu ali təhsil ocağının Tibb fakültəsində təhsil alan tələbələr peşəkar mütəxəssis olmaq üçün daha səylə çalışmalı, bunun üçün  daha artıq vaxt sərf etməlidirlər. Belə tələbələrə hərtərəfli dövlət qayğısı göstərilir. Hazırda bu ali təhsil ocağının bir çox xarici universitetlərlə beynəlxalq müqavilələr çərçivəsində əməkdaşlıq etdiyini xatırladan rektor beynəlxalq təcrübədən əldə olunan metodlardan birinin də “açıq imtahan modeli” olduğunu, bu modelin digər ixtisaslarla yanaşı, yaxın gələcəkdə Tibb fakültəsinin tələbələri üçün də nəzərdə tutulduğunu vurğulayıb.
  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov diqqətə çatdırıb ki, mərkəz lazımi avadanlıqlarla təchiz olunub və bu avadanlıqlar peşəkar həkimlərin səlahiyyətindədir. “Biz bu imkanlardan gənc kadrların yetişdirilməsi məqsədilə istifadə edilməsi və bu kadrların ölkə səhiyyə sisteminə qazandırılması üçün çalışırıq”, – deyə o bildirib.
    Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov tərəfindən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində tibb sahəsində mövcud olan təcrübələrin öyrənilməsi, yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması, seminarların, kurs və təlimlərin, elmi konfransların təşkili, tələbə və rezidentlərin təcrübə məqsədilə mübadilə proqramlarının hazır­lanması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.
    Görüşün sonunda qonaqlara universitetin Texnologiya mərkəzində mozaikadan hazırlanmış əl işi və universitetin fəaliyyətini əks etdirən nəşrlər toplusu hədiyyə olunub. Universitet rəhbərliyi mərkəzin nümayəndələrini Tibb fakültəsinin yeni yaradılmış kabinələri ilə tanış edib. Tələbələr üçün yaradılan şərait və tədris prosesi üçün nəzərdə tutulan əyani vəsaitlər, simulyasiya mərkəzləri və texniki laboratoriyalar nümayəndələr tərəfindən yüksək qiymətləndirilib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi 

Nəşr edilib : 19.12.2022 18:57