AZ EN RU

Ali təhsil ocağının əməkdaşları beynəlxalq simpoziumda iştirak edib

    “Naxçıvan” Universitetinin əməkdaşları 9-12 oktyabr tarixlərdə qardaş Türkiyə Respublikasının Ərzincan şəhərində keçirilən Beynəlxalq Türk dünyası simpoziumunda iştirak ediblər. Simpoziuma Türk Dövlətləri Təşkilatının prezidenti Binəli Yıldırım və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ərzincan Binəli Yıldırım Universiteti ev sahibliyi edib. 
    Simpozium Türk dünyasının dili, tarixi, mədəniyyəti, incəsənəti, təhsili, diasporu, ticarəti, coğrafiyası, sosiologiyası, folkloru, antropologiyası, turizmi, beynəlxalq əlaqələri, iqtisadiyyatı, bələdiyyəsi, ilahiyyatı, dövlət idarəçiliyi, hüquq, nəqliyyat və rabitə kimi bir çox sahələrdə elmi tədqiqatlar üçün ümumi zəmin yaratmaq məqsədilə təşkil olunub. Həmçinin bu simpozium Türk dünyası ilə maraqlanan dəyərli tədqiqatçıları bir araya gətirmək məqsədi də daşıyır.
    Beynəlxalq Türk dünyası simpoziumunda çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva çağdaş dövrdə türk xalqları arasında mənəvi birliyə ehtiyacın artması və bu birliyin daha da möhkəmlənməsi yönündə addımların atılması istiqamətində təşkil olunan beynəlxalq simpoziumun əhəmiyyətini vurğulayıb. Bildirib ki, Türk dünyasının fəxri, dahi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu əks etdirir. Azərbaycan və Türkiyə bu münasibətlərin mərkəzində dayanaraq bütün dünyaya sülh, əmin-amanlıq vəd edir, yeni bir mədəni epoxaya vüsət verir.
    Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinin türk ölkələri universitetləri ilə qarşılıqlı əməkdaşlığa çox böyük maraq göstərdiklərini diqqətə çatdıran Nurlana Əliyeva “Naxçıvan” Universitetinin mədəni əməkdaşlıq və müştərək layihələr sahəsində ciddi uğurlar qazandığını qeyd edib. Rektor “Türk dünyası rəqəmsal vətəndaşlıq” layihəsi haqqında məlumat verərək bildirib ki, başlanğıcda 71, bir neçə ildən sonra isə ardıcıl inkişaf edərək Türk dünyasının bütün ali təhsil müəssisələrini əhatə etməklə genişlənən layihəni bu əməkdaşlıq və inteqrasiyanın bariz nümunəsi kimi qiymətləndirmək olar.
    Nurlana Əliyeva diqqətə çatdırıb ki, “Naxçıvan” Universiteti başda qardaş Türkiyə Cümhuriyyəti olmaqla digər türk ölkələrinin təhsil müəssisələri ilə faydalı əməkdaşlığa can atır, birlikdə səmərəli əməkdaşlıq göstərir. Qardaş Türkiyə Cümhuriyyətinin Ərzincan şəhərində keçirilən ən yüksək səviyyədə Beynəlxalq Türk dünyası simpoziumunda bu qarşılıqlı əməkdaşlığın əyani təzahürü olaraq minnətdarlıq doğurur. Rektor ümidvar olduğunu bildirib ki, bu və digər birgə layihələr nəticəsində elm, təhsil adamlarının birgə  uğurları daha da geniş vüsət alacaq, ölkələrimizin inkişafına töhfələr bəxş ediləcək. 
    Beynəlxalq Türk dünyası simpoziumunda “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın və Tədris şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Anar Abuzərlinin məruzələri də dinlənilib.
    Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatının 2040-cı il proqnozuna əsaslanaraq tətbiq oluna bilən təklif və layihələrlə bağlı araşdırmalar da aparılıb. Beləliklə, Beynəlxalq Türk dünyası simpoziumunda “Naxçıvan” Universiteti ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında çoxşaxəli əməkdaşlıq zəminində söhbətlər olub.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 19:26