AZ EN RU

Ali təhsil ocağında xalq şairi Xəlil Rza Ulutürkün 90 illik yubileyi qeyd olunub

     “Naxçıvan” Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 90 illik yubileyi qeyd olunub. Tədbir Xəlil Rza Ulutürkün həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
    Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Arifə Zeynalovanın təşkilatçılığı ilə Xəlil Rza Ulutürkün şeirləri əsasında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin hazırladıqları “Türkün haqq səsi – Xəlil Rza Ulutürk” adlı ədəbi-bədii kompozisiya özünün gözəlliyi, bitkinliyi ilə izləyicilərin alqışlarına səbəb olub.
    Uğurlu tamaşa ilə əlaqədar tələbələri təbrik edən  “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva Xəlil Rza Ulutürkün çoxşaxəli yaradıcılığı ilə bağlı məruzə edib. Bildirib ki, Xəlil Rza, sözün həqiqi mənasında, qəhrəman bir şəxsiyyətdir. Onun bütün yaradıcılığı rəşadətlə, bitib-tükənməyən mübarizə ilə, zülmə qarşı üsyan bayrağı qaldırmaqla səciyyələnir. Buna görə də yaradıcılığı boyu qələmə aldığı misralarında Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər həmişə ana xətt olaraq davam edib. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşayan və çarpışan, bütün buxovları qırmaq, zəncirləri yox etmək, müstəmləkə və zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirib.

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 06.05.2022 22:37