AZ EN RU

Ali təhsil ocağında kitab təqdimatı olub

    “Naxçıvan” Universitetində universitetin Ümumi tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, dosent Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişaf tarixi (1924-2020-ci illər)” adlı kitabının təqdimatı keçirilib. 
    Təqdimat mərasimində çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva yeni dərsliyin universitetin professor-müəllim heyəti və tələbələri, eləcə də digər təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olan müəllimlər üçün faydalı olacağına inandığını söyləyib, kitabın müəllifinə təşəkkürünü bildirib.
    Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun, Ümumi tarix kafedrasının müdiri Mehman Şabanovun, həmin kafedranın müəllimi Rəna Qurbanovanın və İqtisadiyyat kafedrasının müdiri Həsən Məmmədovun yeni nəşrlə bağlı çıxışları dinlənilib. Məlumat verilib ki, sözügedən kitab giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısı olmaqla yeni elmi-statistik faktlarla zəngindir. Dərslikdə yer alan mövzular, əsasən, kənd təsərrüfatının ümumi vəziyyətinə həsr olunub. Diqqətə çatdırılıb ki, dərslikdən tarixçilər, iqtisadçılar, ümumtəhsil məktəblərində çalışan müəllimlər, tələbələr, təhsil işçiləri, tədqiqatçılar, habelə magistrlər, doktorantlar faydalana bilərlər.
    Yekunda kitabın müəllifi Xəzər Hüseynov göstərilən diqqətə görə minnətdarlıq edib.


“Naxçıvan” Universitetinin
 mətbuat xidməti

Nəşr edilib : 31.03.2022 20:03